DÜNYA
Peterburq metrosunda partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb VİDEO
Bakı, 4 aprel, AZƏRTAC
Rusiyanın səhiyyə naziri Veronika Skvortsova Peterburq metropolitenində baş verən partlayış nəticəsində həlak olanların sayının 14 nəfərə çatdığını bildirib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, onlardan 11-i hadisə yerində, 3-ü isə xəstəxanada ölüb. Nazirin sözlərinə görə, hazırda şəhər xəstəxanalarında terror aktı zamanı xəsarət alan 49 nəfər müalicə olunur.
Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metropoliteninin “Sennaya ploşad” və “Texnoloqiçeskiy institut” stansiyaları arasında hərəkət edən qatarda güclü partlayış törədilib. Terrorçunun vaqonlardan birində 200-300 qram trotil ekvivalentində naməlum partladıcı qurğunu işə saldığı bildirilir. Son məlumata əsasən, terror aktının mümkün icraçısı Qırğızıstanın Oş şəhərinin sakini, 1995-ci il təvəllüdlü Rusiya vətəndaşı Akbarjon Cəlilovdur.
Bundan başqa, həmin hadisədən bir qədər sonra “Ploşad Vosstaniya” stansiyasında daha bir partladıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.