İQTİSADİYYAT
“Petkim” “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” mükafatına layiq görüb
“SOCAR Turkey”, eyni zamanda, iki beynəlxalq maliyyə mükafatı alıb
Bakı, 28 aprel, AZƏRTAC
“Petkim” “International Finance” jurnalının Beynəlxalq Maliyyə Mükafatları (“International Finance Awards”) çərçivəsində verdiyi “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” mükafatına, “SOCAR Turkey” Təbii Qaz Bölməsinin maliyyə direktoru Betül Sarıkaya isə “Ən yaxşı qadın maliyyə direktoru” mükafatına layiq görülüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Turkey” dünya şöhrətli, nüfuzlu “International Finance” jurnalının hər il elan etdiyi Beynəlxalq Maliyyə Mükafatları çərçivəsində bu il iki fərqli kateqoriya üzrə mükafata layiq görülüb. Mərkəzi ofisi İngiltərədə yerləşən jurnalın “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” (“Best Working Capital Management”) mükafatı Türkiyədə “Petkim”ə, “Ən yaxşı qadın maliyyə direktoru” (“Best Women CFO”) mükafatı isə “SOCAR Turkey” Təbii Qaz Bölməsinin maliyyə direktoru Betül Sarıkayaya verilib.
Beynəlxalq arenada böyük nüfuza sahib olan “International Finance” jurnalının, eyni zamanda, iki mükafatına layiq görülməyinin qürurverici olduğunu deyən “SOCAR Turkey” Emal və Neft-Kimya Bölməsinin maliyyə işləri üzrə vitse-prezidenti və “Petkim”in Baş maliyyə direktoru Elçin İbadov bildirib: “Bu mükafatların bütün dünyanın üzləşdiyi mürəkkəb pandemiya dövründə verilməsi çox dəyərlidir. Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim” bu müddətdə “SOCAR Turkey”in digər şirkəti “Star” NEZ ilə inteqrasiya halında işləyərək neft-kimya xammalına ehtiyacını fasiləsiz və yüksək keyfiyyətlə təmin etmə üstünlüyünə sahib oldu. Bunun sayəsində “Petkim” logistika xərclərində ciddi qənaətə nail oldu. Həyata keçirdiyimiz məhsuldarlıq və rəqəmsallaşma layihələri ilə yanaşı, məzənnə və faiz riskləri ilə maliyyə alətlərinin düzgün idarə olunması, əməliyyat xərclərinin optimallaşdırılması və dövriyyə kapitalının səmərəli idarəedilməsinin təsiri ilə “Petkim” olduqca uğurlu maliyyə nəticələrinə imza atdı. 2020-ci ildə əməliyyat gəlirliliyini əvvəlki ilə nisbətən 21 faiz artıraraq 1,9 milyard lirəyə çatdıran “Petkim”in ehtiyatlar, debitor borcları, nağd pul və borc idarəçiliyi sahəsində göstərdiyi nəticələrin “Best Working Capital Management” kateqoriyasında mükafata layiq görülməsinə görə böyük fərəh duyuruq”.
2019-cu ilin iyununda “Bursagaz”, “Kayserigaz”, “EWE Enerji”, “Enervis” və “Millenicom”un satınalma prosesi başa çatdıqdan sonra Təbii Qaz Bölməsi tərkibində fəaliyyət göstərən şirkətlərdə davam edən inteqrasiya prosesi 2021-ci ilin fevralında tamamlanıb. Bu prosesdə B.Sarıkaya maliyyə sahəsində uğurlu fəaliyyəti ilə seçilən şəxslərdən biri kimi ön plana çıxıb.