İQTİSADİYYAT


“Petkim” “Star”dan aldığı səhmlərin ödənişini hissə-hissə həyata keçirəcək

Bakı, 13 yanvar, AZƏRTAC

SOCAR-ın “Petkim” neft-kimya holdinqi “Star” neft emalı zavodu layihəsində aldığı səhmlərin ödənişini hissə-hissə həyata keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Petkim PetroKimya Holding A.Ş.” məlumat yayıb. Bildirilir ki, “Petkim PetroKimya Holding A.Ş.” “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) şirkətindən 720 milyon dollara aldığı “Rafineri Holding A.Ş.”nin 30 faizlik səhmlərinin ödənişini 240 milyon dollar olmaqla 3 dəfəyə həyata keçirəcək. Son ödəniş “Star” neft emalı zavodu istifadəyə verilən zaman reallaşacaq. “Petkim” bu vəsaiti yaxın zamanda reallaşdıracağı və böyük tələbatın olması gözlənilən avrobondlar hesabına, eləcə də öz daxili resursları ilə qarşılayacaq.

Qeyd edək ki, yanvarın 9-da “Petkim PetroKimya Holding A.Ş.” “Rafineri Holding A.Ş.”nin 30 faizlik səhmlərinin STEAŞ-dan 720 milyon dollara alınması üçün razılığa gəlib. Bu səhmlərin alınmasından sonra “Petkim” dolayı yolla “Star” neft emalı zavodu layihəsində 18 faizlik paya sahib olacaq.

Xatırladaq ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən isə Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 53 faizlik səhmə sahibdir.

SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim”in ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodunda isə yerüstü boruların 98 faizinin montajı yekunlaşıb. “Star” neft emalı zavodu bu il oktyabrın 1-də istifadəyə veriləcək. Layihə üzrə ümumi işlərin 96,4 faizi görülüb. “Star” hər il 10 milyon ton xam neft emal edəcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu və 160 min ton kükürd istehsal olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.