İQTİSADİYYAT
“Petkim” bəzi məhsulların qiymətində endirim edəcək
Bakı, 29 noyabr, Nihad Budaqov, AZƏRTAC
“Petkim PetroKimya Holding A.Ş.” bəzi məhsulların qiymətində endirim edəcək.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Petkim” istehsal etdiyi tikinti, kənd təsərrüfatı, avtomobil, elektrik, elektronika, qablaşdırma və toxuculuq sənayesində istifadə olunan xammal məhsullarının qiymətini dekabrın 1-dən etibarən aşağı salacaq.
Qeyd edək ki, bu ilin üçüncü rübündə “Petkim PetroKimya Holding A.Ş.”nin xalis mənfəəti 412,7 milyon lirə təşkil edib. Cari ilin doqquz ayında isə “Petkim” neft-kimya kompleksinin xalis mənfəəti 915,4 milyon lirə olub. Şirkət əvvəlki ilin eyni rübündə 374,1 milyon lirə, ümumilikdə 2017-ci il üzrə 1,4 milyard lirə xalis mənfəət əldə etmişdi.
Xatırladaq ki, SOCAR 2008-ci ildə “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard dollara alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. O dövrdə “Petkim”in dövriyyəsi 2,1 milyard türk lirəsi olub. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollar investisiya qoyulub. Şirkət üçün ciddi bir sərmayə proqramı var və bu investisiya 2009-2012-ci illər arasında tədricən həyata keçirilib. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir. “Petkim” Türkiyənin neft-kimya məhsuluna olan tələbatının 20 faizini qarşılayır.
SOCAR 1,6-2 milyard dollara Türkiyədə yeni neft-kimya kompleksi qurmaq niyyətindədir. Gələn ilin birinci rübündə bununla bağı son investisiya qərarı qəbul olunacaq və sərmayə qoyuluşuna başlanacaq. Zavodun 2022-ci ilin sonunda və ya 2023-cü ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır. “Petkim PetroKimya Holding A.Ş.” 2017-ci ildə İzmirin vergi rekordçusu olub.
SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ hazırda “Petkim”də təxminən 51 faizlik paya sahibdir.