İQTİSADİYYAT


“Petkim” kimya sektorunda Egey bölgəsinin ixracat lideri olub

Bakı, 25 yanvar, AZƏRTAC

Pandemiya dövründə yerli istehsalçıların xammala olan tələbatını ödəmək üçün diqqətini daxili bazara yönəldən “Petkim” ixrac sahəsində uğurlarını davam etdirib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Turkey”in “Petkim” neft-kimya holdinqi 2020-ci ildə də kimya sektorunun ixracat lideri seçilib. Egey İxracatçı Assosiasiyası (EİA) tərəfindən təşkil olunan və ənənəyə çevrilmiş “İxracatın ulduzları” mükafatının təqdim olunması mərasimi pandemiyaya görə bu il keçirilməsə də, “Petkim” kimya sektorunda birinci, bütün sektorlar kateqoriyasında isə ikinci yerə layiq görülüb.

Türkiyənin ilk və yeganə inteqrasiyalı neft-kimya kompleksi olan “Petkim”in pandemiya müddətində yerli istehsalçıların ehtiyaclarına xüsusi diqqət yetirdiyini bildirən “SOCAR Turkey” Emal və Neft-Kimya bölməsinin rəhbəri, “Petkim”in baş direktoru Anar Məmmədov deyib: “Qlobal tədarük zəncirində qırılmaların baş verdiyi bu dövrdə istehsal prosesinin fasiləsizliyini təmin edərək daxili bazarın xammal tələbatını qarşılamaq bizim üçün prioritet idi. Bu dövrdə, pandemiyanın təsiri ilə neft qiymətləri rekord səviyyədə azalarkən, neft-kimya məhsullarının qiyməti də düşdü. Bütün bu proseslərə baxmayaraq, biz güclü mövqeyimizi qoruyub saxladıq və “Petkim” əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də kimya sektorunda yenə Egey bölgəsinin ixracat lideri oldu. Bu çətin dövrdə yüksək əmək qabiliyyəti nümayiş etdirdiklərinə görə bütün həmkarlarıma bir daha təşəkkür edirəm”.

Egey İxracatçı Assosiasiyasının elan etdiyi “2020-ci il Egey bölgəsi ixracatın ulduzları” siyahısında kimya sektorunda birinci, bütün sektorlar kateqoriyasında isə ikinci olan “Petkim” hesabat dövründə 363 milyon dollarlıq ixrac əməliyyatı həyata keçirib. “Star” neft emalı zavodu (NEZ) ilə inteqrasiyanın yaratdığı sinerji ilə ölkə sənayesinin dayanıqlılığı üçün istehsalı davam etdirən “Petkim” bu dövrdə Türkiyə üçün çox mühüm və strateji əhəmiyyət daşıyan tibbi ləvazimatlar və qablaşdırma xammalı istehsalındakı çəkisini artırdı. Petkim pandemiya və qlobal şərtlərin təsiri ilə məhsulların qiymətində baş verən enmələrə baxmayaraq, 2020-ci ilin üçüncü rübündə gəlirini keçən ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz artıraraq 311 milyon türk lirəsinə çatdırmağa nail olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.