İQTİSADİYYAT
“Petkim” kompleksi “Star” zavodundan illik 100 milyon dollar qazanc əldə edəcək
Bakı, 5 mart, AZƏRTAC
“Petkim” neft-kimya kompleksi “Star” neft emalı zavodundan illik 100 milyon ABŞ dolları qazanc əldə edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin icraçı direktoru Anar Məmmədov deyib. O bildirib ki, “Petkim” və “Star” bir-biri ilə inteqrasiya edilmiş müəssisələr olacaq. Bu inteqrasiya nəticəsində “Petkim”in illik 100 milyon dollar əlavə qazanc əldə edəcəyini gözləyirik.
“Petkim” 2017-ci ildə mənfəət baxımından rekord qırdı. Gəlirimiz təxminən 70 faiz, xalis mənfəət isə iki dəfədən çox artıb. İstehsalda məhsuldarlığı artırmaq üçün “Star” neft emalı zavodu ilə birgə investisiyalar qoymağa qərar vermişik. “Star” istifadəyə verildikdən sonra biz naftanı birbaşa boru xətləri bu zavoddan ilə alacağıq. Təkcə logistik üstünlüklər sayəsində illik 60 milyon dollar qazanc əldə edəcəyik”, - deyə A.Məmmədov əlavə edib.
O qeyd edib ki, Türkiyənin xammala olan tələbatı “Petkim”in istehsalında 5 dəfə çoxdur. Hazırda “Petkim” Türkiyənin tələbatının 20 faizini ödəyə bilir.
A.Məmmədov bildirib ki, yanvar ayından etibarən “Petkim” şirkəti “Star” neft emalı zavodunda 18 faizlik paya malikdir və bu, şirkətin bazar gücünə müsbət təsir göstərəcək. Əliağa rayonunda inşa edilən “Star” zavodu 2018-ci ilin üçüncü rübündə istifadəyə veriləcək.
Qeyd edək ki, ötən il “Petkim PetroKimya Holding A.Ş.” 3,6 milyon ton məhsul istehsal edib. SOCAR-ın tabeliyində 10 ili uğurla geridə qoyan “Petkim” 2017-ci ildə istehsal gücündən istifadə göstəricisini 97 faizə çatdırıb. Keçən il “Petkim”in mənfəəti 93 faiz artaraq 1,4 milyard türk lirəsinə çatıb. Şirkətin 2016-cı ildəki xalis mənfəəti isə 725,8 milyon lirə olmuşdu. “Petkim PetroKimya Holding A.Ş.” 2017-ci ildə 671 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu göstəricisi ilə “Petkim” Egey bölgəsinin ən böyük ixracatçısı olub. “Petkim” ötən il 69 ölkəyə məhsul ixrac edib.
“Petkim” neft-kimya holdinqi bu il yanvarın 26-da isə 500 milyon dollarlıq istiqraz buraxıb və istiqrazlar İrlandiya Fond Birjasında emissiya edilib. İstiqraz satışından əldə ediləcək gəlir şirkətin səhmdarı olduğu “STAR Rafineri” şirkətinin maliyyələşməsinə sərf ediləcək. “Star” neft emalı zavodu həm Türkiyə, həm də “Petkim”i xammalla təmin edəcək. Bu il ərzində istifadəyə veriləcək zavod “Petkim”in xammala olan tələbatının hamısını ödəyəcək.
İstiqrazların emissiyası üçün “Goldman Sachs International”, “J.P. Morgan Securities Plc”, “Citigroup Global Markets Limited”, “Societe Generale” və “VTB Capital Plc” anderrayter vəzifəsində çıxış edib. 500 milyon dollarlıq istiqrazlar üçün son müddət 2023-cü il yanvarın 26-sı müəyyənləşdirilib.
Xatırladaq ki, SOCAR 2008-ci ildə “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. O dövrdə “Petkim”in dövriyyəsi 2,1 milyard türk lirəsi olub. 2017-ci ildə isə bu göstərici 7,3 milyard türk lirəsi, mənfəəti isə 1,4 milyard lirə təşkil edib. Yəni 2016-cı və 2017-ci illər “Petkim” üçün rekordlarla dolu illər olub. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollar investisiya qoyulub. Şirkət üçün ciddi bir sərmayə proqramı var və bu investisiya 2009-2012-ci illər arasında tədricən həyata keçirilib. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir.
SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir.