İDMAN
Petra Zublasinq: Bəlkə də dünya rekordu müəyyən etdiyimi sabah başa düşəcəm

Bakı, 19 iyun, Əziz Məmmədov, AZƏRTAC
İnanmağım gəlmir ki, Bakıda keçirilən birinci Avropa Oyunlarının çempionuyam. Dünya rekordu müəyyən etməklə qələbə qazanmağım ikiqat xoşdur. Öz hisslərimi çatdırmaq hələlik mənim üçün çətindir. Bəlkə də dünya rekordu müəyyən etdiyimi sabah başa düşəcəm.
Bu sözləri 50 metrlik məsafədən üç vəziyyətdə (diz üstə, uzanaraq, ayaq üstə) kiçikçaplı tüfəngdən atəşaçma üzrə birinci Avropa Oyunlarının çempionu italyan Petra Zublasinq AZƏRTAC-a verdiyi eksklüziv müsahibədə söyləyib.
İtalyan idmançı həmçinin Bakı haqqında və Avropa Oyunlarının təşkili barədə öz təəssüratlarını bölüşüb. P.Zublasinq deyib: “Gözəl şəhərdir. Azərbaycanlılar çox xoşuma gəlib, çox mehribandırlar. “Bakı-2015” Oyunlarının təşkilinə gəldikdə isə, təşkilatçıların peşəkarlığı adamı valeh edir. Bilirsiniz ki, çox vaxt ilk dəfə keçirilən idman tədbirləri istənilən səviyyədə olmur. Belə qısa müddətdə arxitektura baxımından belə mürəkkəb idman tikintilərinin yaradılması lap fantastikadır”.