REGİONLAR
Peyntbol üzrə muxtar respublika birinciliyi başa çatıb
Naxçıvan, 19 may, AZƏRTAC
Muxtar respublikanın Atıcılıq Mərkəzinin peyntbol arenasında ali və orta ixtisas təhsili müəssisələrinin oğlanlardan ibarət komandaları arasında yarış keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirliklə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi birincilik gənclərə vətənpərvərlik ruhunun aşılanması, atıcılıq idman növlərinin təbliği məqsədilə təşkil edilib.
Olimpiya sisteminə əsasən, qalibin müəyyənləşdiyi yarışda Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin komandaları finalda bir-birinə rəqib olub. Həlledici oyunun qalibi olan Naxçıvan Dövlət Universiteti peyntbol üzrə muxtar respublika birincisi adına layiq görülüb. “Naxçıvan” Universitetini və Naxçıvan Tibb Kollecini təmsil edən komandalar müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar.
Mükafatlandırma mərasimində çıxış edən muxtar respublikanın gənclər və idman nazirliyinin şöbə müdiri Taleh İbrahimov və federasiyanın sədr müavini Vasib Abdullayev idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs ediblər.
İlk üçlükdə qərarlaşan komandalara diplom, kubok və peyntbol mərmiləri təqdim olunub.