CƏMİYYƏT


Peyvənd olunanlar da tələb olunan gigiyenik qaydalara ciddi riayət etməlidirlər

Bakı, 7 may, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) xəstəliyini keçirənlərdə adətən bir daha xəstəliyə yoluxmayacağı ilə əlaqədar arxayınlıq yaranır. Təəssüflər olsun ki, bu, qətiyyən düzgün deyil. Xəstəliyi bir dəfə keçirənlərin ikinci dəfə koronavirusa yoluxma halları mövcuddur.

Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin rəisi Rəna Qasımova bununla əlaqədar AZƏRTAC-a deyib: “Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, COVID infeksiyasına yoluxanların orqanizmində yaranan anticisimlərin qoruyuculuq müddəti müvəqqətidir. Birinci dəfə yoluxandan sonra əmələ gələn həmin anticisimlər bir müddət sonra neqativləşir, başqa sözlə, qoruyuculuq qabiliyyətini itirir və infeksiyaya təkrar yoluxmaq təhlükəsi yaranır. İkinci dəfə infeksiyaya yoluxanlar xəstəliyi daha ağır və ya daha yüngül formada keçirə bilərlər. Bu zaman onlar yenə də infeksiya mənbəyi kimi ətraflarında olanlar, xüsusilə də yaşlılar və əvvəllər koronavirusa yoluxmayanlar üçün təhlükə yaratmış olurlar”.

Həkim onu da qeyd edib ki, COVID-19 xəstəliyinə qarşı mübarizədə ən etibarlı vasitə vaksinasiya hesab olunur: “Bununla bərabər, güclü immun sistemi də orqanizmin koronavirusla mübarizəsində mühüm rol oynayır. Ona görə də, peyvənd vurdurmaq və gigiyenik qaydalara ciddi riayət etməklə yanaşı, immuniteti möhkəmləndirmək üçün sağlam və aktiv həyat tərzi keçirmək, düzgün qidalanmaq lazımdır. Peyvənd vurduran isə qətiyyən arxayınlaşmamalı, tələb olunan gigiyenik qaydalara ciddi riayət etməlidirlər: tibbi maska taxılmalı, əlləri tez-tez yumalı və yaxud spirtlə silməli, ara məsafə saxlamalı, tünlük yerlərdən və kütləvi tədbirlərdə mümkün qədər uzaq olmalıdırlar”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.