CƏMİYYƏT


Peyvənd olunduqdan sonra da maska və sosial məsafə qaydaları öz qüvvəsində qalacaq

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycanda vaksinasiya prosesi artıq başlayıb. İlkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaqlar.

İkinci mərhələdə tibbi cəhətdən yüksək riskli olanlar - tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar, 50 yaşdan yuxarı olan və ən azı bir xroniki xəstəlikdən əziyyət çəkənlər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, “ASAN xidmət”, “DOST” mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərin, poçt sahəsində, bank sektorunda birbaşa əhali ilə təmasda olan işçilər, yüksəkriskli şəraitli işlərdə çalışan şəxslər - cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksəkriskli sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s. sahələrində çalışanlar peyvəndlənəcəklər.

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə vaksinasiya ilə bağlı müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir:

-COVID-19 peyvəndi hansı şəraitdə saxlanılmalıdır?

-Peyvəndlər temperatur və zərbə kimi, ola biləcək kənar təsirlər hesablanaraq paketlənir. Bu səbəbdən peyvənd ampulaları istiliyə davamlı şüşələrdən hazırlanır. Peyvəndləri təhlükəsiz və soyuq şəraitdə saxlamaq lazımdır. Hər bir peyvəndin özünün də saxlanma şərtləri var. Bəzi COVID-19 peyvəndləri -20°, bəziləri -70° saxlanma şərtləri tələb edir. Azərbaycanda tətbiq olunan “Sinovac” şirkətinin hazırladığı “CoronaVAC” vaksinidir. Bu vaksinin saxlama temperaturu sadədir, 2-8° C-də 3 ilə qədər saxlamaq mümkündür. Vaksinin Türkiyədəki klinik sınaq nəticələrinə əsasən onun virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib. İnaktiv üsulla hazırlanan bu peyvənddə yoluxucu xüsusiyyətini itirmiş virus bədənə verilir və bədənin xəstəlikdən immunitet qazanması hədəflənir. “Sinovac” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır. Yüksək qoruyuculuq və uğurlu sınaq nəticələri var. Saxlanma şəraiti, çatdırılma və tətbiq şərtləri, “soyuq zəncir” sistemi tələbi əlverişlidir. Ölkəmizdə illər boyu mövcud olan infrastruktur imkan verir ki, bu vaksinləri ölkənin ən ucqar nöqtəsinə çatdırıb tətbiq edək.

-COVID-19-a yoluxub sağalmış insanlara peyvənd vurulacaqmı?

-Xəstəliyə yoluxub sağalmış insanların yaranmış anticisimləri uzun müddət yaşama qabiliyyətinə malik deyil. Yaranmış anticisimlər xəstəliyi keçirən insanların orqanizmində eyni müddətdə qalmır. Anticisimlərin yaşama müddəti xəstəliyi keçirmə ağırlığından asılıdır. Bu səbəbdən peyvəndlər daha güclü immun sistemi yaradacaq. Vaksinasiya hər kəs üçün daha güvənli yol kimi nəzərdə tutulur.

-Vaksinasiyadan keçmiş insanlar maska taxmağa davam edəcəkmi?

-Peyvənd olunduqdan sonra da maska və sosial məsafə qaydaları öz qüvvəsində qalmağa davam edəcək. Çünki vaksinlər ilk dozada öz təsirini dərhal göstərməyə bilər. Yoluxmamaq və virusu yaymamaq üçün gigiyena qaydalarına bir müddət daha əməl olunacaq.

-Peyvənləmədən sonra həyat normala dönəcəkmi ?

-COVID-19 peyvəndi pandemiya ilə mübarizədə çox önəmli təsirə malikdir, ancaq normal həyata dönüş üçün bir az daha zamana ehtiyac olacaq. Çünki tam güvənli şəkildə normal həyatımıza qayıdış, nə qədər insanın peyvənd olunub immunitet qazanacağına bağlıdır. Bu, zaman tələb edən bir dövrdür. Bu səbəbdən də maska və sosial məsafə qaydalarına müəyyən müddət riayət etməli olacağıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.