CƏMİYYƏT


Peyvənd olunduqdan sonra orqanizmdə yaranan anticisimlərin səviyyəsi, xəstəlikdən sonra olan səviyyədən qat-qat yüksək olur

Bakı, 28 aprel, AZƏRTAC

İmmunitet və ya immun sistemi yeni növ koronavirus ( COVID-19) infeksiyası ilə mübarizədə çox mühüm rol oynayır.

Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, ümumi cərrah Namiq Novruzov Ümumdünya İmmunlaşma Həftəsi çərçivəsində AZƏRTAC-a deyib: “İmmunitet orqanizmin infeksiyalardan bioloji müdafiə sistemidir. Onun vasitəsilə orqanizm bütün yad parazitlər, viruslar, mikroblar, göbələklər və hətta təhlükə yaradan hüceyrələrdən qorunur. İmmunitet təbii və süni ola bilər. Bsiunlardan hər biri öz növbəsində “passiv” və “aktiv” olur. Təbii (passiv) immuniteti insan hələ doğulmamış, ana bətnində və ana südü ilə qidalandığı zaman qazanır, “aktiv” immunitet isə yaşadığı dövrdə infeksion xəstəliklərə yoluxub sağaldıqdan sonra yaranır. Süni immunitet isə vaksinasiya hesabına formalaşır. Süni (passiv) immunitet orqanizmə hazır anticisimlərin (zərdab) yeridilməsi nəticəsində əldə edilir. Süni (aktiv) immunitet isə orqanizmə ölmüş, zəiflədilmiş və ya geni dəyişdirilmiş mikrobların yeridilməsindən sonra immun sisteminin özünün hazırladığı anticisimlər vasitəsilə yaranır”.

Şöbə rəisi daha sonra deyib: “Hazırda yeni növ koronavirus pandemiyası dövründə günün ən aktual məsələlərindən biri də immunitetin möhkəmləndirilməsidir. Belə ki, COVID-19 xəstəliyi immuniteti zəif olanlarda daha ağır və fəsadlarla keçir, bir çox hallarda ölümlə nəticələnir. Yeni növ koronavirus infeksion orqanizmə düşərkən onun immun sistemi digər infeksion xəstəliklərdə olduğu kimi, anticisim və immunoqlobulin hazırlamaqla reaksiya verir. COVID-19 üçün həmin anticisimlər xəstəliyin 7-14-cü günündə hazırlanır və bir qayda olaraq, infeksiyanın kəskin dövrünə düşür. Hazırlanmış anticisimlər orqanizmdə uzun müddət qalır və bu onu göstərir ki, insan COVID-19-a qarşı təbii aktiv immunitet qazanır.

Vaksinasiyadan sonra sabit immun cavab orqanizmdə peyvənddən 42 gün sonra əmələ gəlir. Peyvənd olunduqdan sonra insan orqanizmində yaranan anticisimlərin səviyyəsi, xəstəlikdən sonra olan səviyyədən də qat-qat yüksək olur və həmin orqanizmi bir neçə il infeksiyadan qorumaq qabiliyyətinə malik olur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.