CƏMİYYƏT


Peyvənddən sonra immun sisteminin cavab reaksiyası bəzən üç həftə, əksər hallarda isə 45-58 gün ərzində formalaşır

Bakı, 30 aprel, AZƏRTAC

Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya prosesi davam edir. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 471 min 579-a bərabərdir. Peyvənd olunmaq insanlarda tam arxayınlıq yaratmamalıdır, çünki vaksin qəbulundan sonra da virusa yoluxmaq riski davam edir.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidovun verdiyi məlumata görə, yoluxmanın səbəbi formalaşmayan immunitetlə əlaqədar ola bilər: “Bunun bir neçə səbəbdən baş verməsi mümkündür. Birincisi, vaksindən sonra immun sisteminin cavab reaksiyası bəzən üç həftə, əksər hallarda isə 45-58 gün ərzində formalaşır. Yəni həmin üç və ya altı həftə ərzində əgər həmin şəxs birinci dozadan sonra və hətta bəzən ikinci dozadan sonra COVID-19-a yoluxanlarla təmasda olduqda onlar sanki peyvənd olunmamış kimi həmin xəstəliyi keçirəcəklər, çünki hələ orqanizmdə immunitet formalaşmayıb”.

Onun dediyinə görə, formalaşmayan immunitetdən xəbərsiz olanlar biməlidirlər ki, vaksin qəbulundan sonra da virusa yoluxmaq riski davam edir: “Peyvəndləmə və immunlaşdırma infeksiyaya yoluxmaqdan qorumur, yaranan xəstəlik çox yüngül keçir. Peyvənd onları ölümdən mümkün qədər qoruyur. Lakin peyvəndin aparılması heç də virusa heç vaxt yoluxmamaq demək deyil. Peyvənd edilən şəxs koronaviruslu xəstələrlə, xüsusilə də simptomlu xəstələrlə sıx təmasda olarsa, yoluxma halı baş verir”.

Bəzi hallarda peyvənd vurulandan sonra immunitet sistemi formalaşmır. Onlar birinci və ikinci peyvənd dozasından sonra, hətta dördüncü dozaya qədər peyvənd oluna bilərlər. Bütün bunlardan sonra yenə də müsbət nəticə əldə olunmasa, bu, artıq immun sisteminin fəaliyyətindən asılıdır. Kollektiv immunitet yaratmaq üçün xəstəliyi keçirən, peyvəndlənən və ya öz immunitetinə arxayın olanlar yenə də diqqətli olmalıdırlar. Sanitar və gigiyenik qaydalara ciddi əməl edilməsi yolu ilə təhlükəli xəstəliyə qalib gəlmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.