CƏMİYYƏT


Peyvəndin buster dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir

Bakı, 11 oktyabr, AZƏRTAC

Buster peyvəndin gücləndirici dozasıdır. O, müxtəlif infeksiyalara qarşı vaksinasiyada tətbiq olunur. Bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər. Araşdırmalara görə, peyvənddən sonra bir müddət maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Peyvəndin buster dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Azərbaycanda üçüncü doza ilə peyvəndlənmə 2 doza vaksin almış bütün tibb işçilərinə, yaşı 60-dan yuxarı olanlara və immun sistemi zəif olan şəxslərə tövsiyə edilir. Bunu AZƏRTAC-a Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru, ictimai səhiyyə üzrə ekspert Pərvanə Vəliyeva deyib.

Ekspert xatırladıb ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzləri tərəfindən buster peyvəndini almaq 65 yaş və üzəri və risk qrupuna aid olan 18-64 yaş arası şəxslərə tövsiyə edilir.

İngiltərədəki bir araşdırma, iki dozalı Pfizer / BioNTech peyvəndinin bir aydan sonra 88 faiz və beş il altı aydan sonra 74 faiz təsirli olduğunu göstərdi. Oxford /AstraZeneca peyvəndinin effektivliyi 77 faizdən 67 faizə düşdü. Təbii infeksiyadan alınan müdafiə kimi, peyvənddən immunitet də tədricən zəifləyir. Bunun vacib olub-olmaması hələ aydın deyil. Bütün dünyada gücləndirici peyvənd proqramları tədricən tətbiq olunur. İsraildə 60 yaşdan yuxarı insanlar üçün üçüncü doza iyulun sonunda tətbiq edilməyə başlandı. İndi ikinci peyvənddən ən azı beş ay keçdikdə, 12 yaşdan yuxarı hər bir vətəndaş üçün əlavə peyvənd mövcuddur. Bu nümunəni təqib edəcək ölkələrin siyahısı hər gün artır. Son vaxtlar ABŞ-da, avqustun 13-dən bəri klinik cəhətdən həssas xəstələrə yüz minlərlə əlavə dozalar tətbiq edilib. İtaliya, Çin, Serbiya və Rusiya da gücləndirici proqramlar tətbiq edirlər.

“Yeni virus mutasiyaları, həmçinin Azərbaycanda olan “delta” ştamına da peyvəndlərin müəyyən qədər effekti var. Mutasiyalarda effektivliyin az olması isə 10-20 faiz arası dəyişir. Yəni, elə də böyük deyil. Buna görə də hər kəs peyvənd olunmalı, bununla yanaşı da üçüncü dozadan da istifadə etməlidir”, - deyə P.Vəliyeva bildirib.

Qeyd edək ki, İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozanın qəbulundan sonra yan fəsadlar nadir hallarda müşahidə olunub və onlar birinci, ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.