DÜNYA
“Pfizer” şirkətinin baş direktoru: COVID-19-a qarşı vaksinin taleyi oktyabrın sonunadək məlum olacaq
Vaşinqton, 14 sentyabr, AZƏRTAC
“Pfizer” şirkətinin baş direktoru Albert Burla bazar günü bildirib ki, COVID-19-a qarşı vaksin kimi bu şirkətin təklif etdiyi namizədin aqibəti oktyabrın sonunadək məlum olacaq. Lakin Burla “Pfizer” şirkətinin ABŞ Qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə nəzarət idarəsinin razılığını alıb-almayacağını və bunun nə qədər vaxt tələb etdiyini dəqiqləşdirməyib.
AZƏRTAC xəbər verir ki, “CBS News” telekanalında çıxış edən Burla namizəd vaksinin effektivliyinin öyrənilməsi üzrə işlərin sürətləndiyini bildirib. Belə ki, sınaqların iştirakçılarının sayı artaraq 30 mindən 44 minə çatıb. Baş direktorun sözlərinə görə, “Pfizer” şirkəti bu məhsulun sınaqlarını iştirakçıları üçün tamamilə təhlükəsizdir.
“Pfizer” şirkəti avqust ayında bildirmişdi ki, onun COVID-19-a qarşı vaksin kimi təklif etdiyi namizədlə bağlı normativ yoxlamalar oktyabr ayında aparılmalıdır. Cons Hopkins Universitetinin məlumatına görə, bu günə qədər ABŞ-da COVID-19 xəstəliyinə tutulmuş 6.496.159 nəfər qeydiyyata alınıb, bu xəstəlikdən ölənlərin sayı isə 193.787 nəfərə çatıb.
AZƏRTAC-ın Vaşinqton bürosu