REGİONLAR
Pianoçu Züleyxa Abdulla: Builki Qəbələ festivalını böyük ruh yüksəkliyi ilə keçiririk
Qəbələ, 3 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Musiqi Festivalında ilk dəfədir iştirak edirəm. Artıq 12-ci dəfədir ki, keçirilən bu festivalın çox gözəl ənənələri var. Builki festivalı çox böyük ruh yüksəkliyi ilə keçiririk. Çünki Vətən müharibəsində qalib gəlmişik, əzəli torpaqlarımızı geri qaytarmışıq. Sevinc sevincə qarışıb. Həm gözəl festivalımız var, həm də Qələbəmizin sevincini yaşayırıq. Ona görə də festivalın proqramına 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizə həsr olunan əsərlər də daxil edilib.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində XII Qəbələ Musiqi Festivalının iştirakçısı, respublika və beynəlxalq müsabiqələr laureatı, pianoçu Züleyxa Abdulla deyib.
Builki festivalın, eyni zamanda, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunduğunu vurğulayan musiqiçi deyib: “1921-ci ildə Üzeyir Hacıbəyli Azərbaycan Dövlət Konservatoriyasının yaradılması təşəbbüsünü irəli sürdü. Həmin ilin avqustunda Konservatoriyanın Nizamnaməsi hazırlandı və belə bir gözəl təhsil müəssisəsi yaradıldı. Bugünkü konsertimizdə yubileyə həsr olunan əsərlər səsləndirilir. Konsertdə mən Cövdət Hacıyevin əsərini ifa etdim. Bəstəkar bir müddət o vaxtkı Azərbaycan Dövlət Konservatoriyasının, indiki Bakı Musiqi Akademiyasının rektoru vəzifəsində çalışıb. Mən öz ifamı həm də bəstəkar Cövdət Hacıyevə ithaf etdim”.