ELM VƏ TƏHSİL
“Pillə” Festivalında tələbələrin diplom və kurs tamaşaları nümayiş olunacaq
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibətilə “ADMİU 99+” layihəsi çərçivəsində iyunun 22-25-də “Pillə” Tələbə Tamaşaları Festivalı keçiriləcək.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, festivalda universitetin aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrin təşkilat komitəsi tərəfindən seçilmiş diplom və kurs tamaşaları nümayiş olunacaq.
Festivalın qalibləri peşəkar teatrşünasların, tənqidçilərin iştirakı və münsifliyi ilə müəyyənləşdiriləcək.
Qaliblərə “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu” nominasiyaları üzrə mükafatlar, o cümlədən gənc tənqidçilərin xüsusi mükafatı təqdim olunacaq. Bundan əlavə, festival müddətində tamaşaların müzakirəsi ilə əlaqədar tələbə-teatrşünaslardan ibarət gənc ekspertlər qrupunun aktiv fəaliyyəti də nəzərdə tutulur.
Universitetin 100 illik yubileyi ərəfəsində keçiriləcək “Pillə” festivalı tələbələrin yaradıcılıq prosesinə daha sıx təşviq edilməsi, gənc istedadların aşkarlanması və teatr tədrisi prosesinin aktivləşdirilməsi kimi məqsədləri hədəfləyir.