CƏMİYYƏT


Pilot ərazilərdə 30 minə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilib

Bakı, 15 may, AZƏRTAC 

İcbari tibbi sığortanın (İTS) pilot layihəsi çərçivəsində bir sıra mühüm addımlar atılıb. Belə ki, əhalisi 340 min nəfər təşkil edən pilot ərazilərdə sığorta olunanlar və 30 minə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilib və əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü əhəmiyyətli dərəcədə azaldılıb. Mövcud maddi-texniki baza və kadr resursları ilə daha çox pasiyentə xidmət göstərilib. Kadr potensialının gücləndirilməsi məqsədilə pilot ərazilərin tibb işçiləri xarici ölkələrdə təlim və təcrübə proqramlarına göndərilib. Eyni zamanda, ölkədə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülərək Ailə Sağlamlıq Mərkəzləri yaradılıb.

AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev deyib. Nəticədə 2018-ci ildə pilot ərazilərdə ambulator-poliklinik gəlişlərin sayı 1,1 milyon olub, adambaşına düşən həkimə gəlişlərin sayı 3,2 dəfə təşkil edib. Evə yazılan xəstələrin sayı isə 21 min 454 nəfər olmaqla 2016-cı illə müqayisədə 11 faiz artib. 2017-ci ildə cərrahi əməliyyatların sayı 9645, 2018-ci ildə isə 9346 olub. Ürək əməliyyatlarının sayı 2017-ci ildə 375, 2018-ci ildə isə 112 təşkil edib. Bununla yanaşı, İTS-in tətbiqi nəticəsində pilot ərazilərdə anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşaq əməliyyat edilərək sağlamlıqlarına qovuşublar. Pilot ərazilərdə kəmiyyət göstəricilərinin artması ilə yanaşı, rayon xəstəxanalarında əvvəllər aparılması mümkün olmayan endoprotezləşmə, TUR, laparoskopik cərrahi müdaxilələr və sair mürəkkəb əməliyyatlar həyata keçirilib. Bu əməliyyatların bilavasitə rayon xəstəxanalarında aparılması əhalinin müasir və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin olunması istiqamətində atılan addımlardan biridir.

İTSDA-nın İdarə Heyətinin sədrinin sözlərinə görə, hazırda İTS-in baza zərfinə 1829 adda tibbi xidmət daxildir. “Bunlardan 480-i ambulator, 677-si stasionar, 18-i ilkin səhiyyə, 6-sı təcili və təxirəsalınmaz tibbi yardım, 23-ü isə fizioterapevtik xidmətlərdir. Baza zərfi, həmçinin 459 adda laborator müayinəyə və 166 adda həyati vacib-dəyəri yüksək olan xidmətlərə də təminat verir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.