REGİONLAR
Pilot ərazilərdəki tibb müəssisələrində uşaqlar üçün bayram şənlikləri təşkil olunub
Yevlax, 1 iyun, AZƏRTAC
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə icbari tibbi sığortanın tətbiq olunduğu pilot ərazilərdə - Mingəçevir şəhər və Yevlax rayon mərkəzi xəstəxanalarında bayram şənlikləri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Mingəçevir Dövlət Dram Teatrının və Yevlax Kukla Xalq Teatrının aktyorları xəstəxanalarda maraqlı proqramla uşaqları əyləndiriblər. Xəstəxana rəhbərlikləri tərəfindən stasionarda qalan uşaqlara hədiyyələr verilib.
Tədbirdə çıxış edən Yevlax rayon mərkəzi xəstəxanasının direktoru Azər İsmayılov bildirib ki, ana və uşaqların sağlamlığının qorunması dövlətimizin siyasətinin prioritet istiqamətlərindən biridir. İcbari tibbi sığorta pilot layihəsi çərçivəsində uşaqlar qayğı ilə əhatə olunublar. İcbari tibbi siğortanın baza zərfində 1829 tibbi xidmət var ki, pilot ərazilərdə qeydiyyatda olan digər əhali qrupları kimi, uşaqlar da bu xidmətlərdən pulsuz yararlanırlar. İcbari tibbi sığortanın tətbiq edildiyi müddətində 86 uşağa müalicə, müayinə və əməliyyat üçün digər tibb müəssisələrinə göndəriş verilib. İcbari tibbi sığorta çərçivəsində Yevlax rayonunda 13 uşaq üzərində həyati vacib, dəyəri yüksək olan əməliyyat aparılıb.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov məlumat verib ki, fizioterapiya kabineti müvafiq tibbi heyət ilə təmin edilib. İcbari tibbi sığortanın tətbiq olunduğu müddətdə 4 anadangəlmə ürək-qüsurlu uşaq əməliyyat olunub. Uşaq Nevroloji Sanatoriyasında qalan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı keçirilməsini təmin etmək məqsədi ilə televizor və peyk antenası hədiyyə edilib.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər çərçivəsində Mingəçevir şəhəri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin rəhbərliyi iyunun 1-də doğulan körpələrin doğum haqqında şəhadətnamələrini valideynlərə xəstəxanada təqdim edib.