CƏMİYYƏT
Pilot layihə çərçivəsində ümumtəhsil müəssisələrində məktəblilərin qida bələdçiləri təyin olunub
Bakı, 11 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə təşkil edilən maarifləndirmə tədbirlərini davam etdirir. Bu məqsədlə həyata keçirilən “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi” çərçivəsində növbəti mərhələ başa çatıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihəyə əsasən təlimlərin yekununda baş tutan sınaq imtahanlarını uğurla başa vurmuş 16 iştirakçı “Məktəblilərin qida bələdçiləri” nişanı ilə təltif olunub.
Həmin nişana layiq görülənlər fəaliyyət göstərdikləri məktəblərdə bufetlərin fəaliyyəti, həmçinin tərəflərin qida təhlükəsizliyi və sanitar qaydalara hansı formada əməl olunmasına ictimai nəzarəti həyata keçirəcəklər. Eyni zamanda qida bələdçiləri təmsil etdikləri ümumtəhsil müəssisələrində məktəblilərə paylanılması üçün sağlam qidalanma rejimi, şəxsi gigiyena qaydaları, immuniteti artıran vitamin və minerallarla zəngin qidaların istehlakı, zərərli qida vərdişləri, ümumtəhsil müəssisələrindəki bufet və yeməkxanaların fəaliyyət normaları mövzularında maarifləndirici çap materialları ilə təmin ediliblər.
Qeyd edək ki, pilot layihə Qida Təhlükəsizliyi Agentliyi, UNICEF və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramı” və UNICEF-in Azərbaycanda 2021-2022-ci illər üçün Səhiyyə və Qidalanma Proqramının icrası ilə əlaqədar olaraq, əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsi sahəsində maarifləndirilmə işlərinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi məqsədilə keçirilib.