ELM VƏ TƏHSİL
Pilot peşə təhsili mərkəzlərində müasir texnika ilə tanışlıq məqsədilə silsilə təlimlər davam edir
Bakı, 3 dekabr, AZƏRTAC
Pilot peşə təhsili mərkəzlərinin müəllim və mühəndis-pedaqoji heyətinin, eləcə də müəssisədaxili təlimçilərin səriştələrinin artırılması, müasir texnika ilə tanışlıq üçün silsilə təlimlər davam edir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, növbəti təlim “Buğda əkini və silosluq, dənlik qarğıdalının istehsal texnologiyası” mövzusunda xarici ekspert tərəfindən Qax Peşə Liseyində keçirilib. Təlimin nəzəri hissəsi Qax Peşə Liseyində, praktiki hissəsi isə Qax Aqroparkında (ULU Agro MMC) reallaşıb.
“Bitkiçilikdə maşın xərclərinin hesablanması və istehsalın iqtisadiyyatı” mövzusunda isə alman eksperti tərəfindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təlim təşkil edilib. Gəncə Avtomobil Zavodunun İsmayıllı rayonunda yerləşən servis mərkəzinə (əvvəlki Aqrolizinq ASC) səfər təşkil olunub.
Təlimlərə pilot peşə mərkəzlərinin müəllim və usta heyəti, Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, eyni zamanda “AZZA Agro”, “Kazımoğlu KFT”, “Uğur”, “Gilan Dairy Farms” MMC-in müəssisədaxili təlimçiləri və fərdi fermer təsərrüfatlarının nümayəndələri (fermerlər) qatılıblar.
Prosesin davamlılığının təmin edilməsi məqsədilə iştirakçıların özlərinin gələcəkdə müvafiq mövzularda sahibkarlara və həssas qruplara təlim keçməsi də nəzərdə tutulub.