İDMAN


Pilotlar və idman mütəxəssisləri Azərbaycan Qran-Prisi haqqında: ecazkar Formula 1 və möhtəşəm Bakı treki

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycan paytaxtı Bakı iyunun 4-6-da beşinci dəfə Formula 1 yarışına ev sahibliyi etdi. Dünyada 550 milyon tamaşaçısı olan Formula 1 idmanı üzrə builki dünya çempionatının altıncı mərhələsi – Azərbaycan Qran-Prisi Bakıda yüksək səviyyədə təşkil olundu.

AZƏRTAC Formula 1 pilotlarının və idman mütəxəssislərinin Azərbaycan Qran-Prisi haqqında fikirlərini təqdim edir.

2016-cı ildə Formula 1 yarışlarına ev sahibliyi edən Bakıda təşkil olunmuş əvvəlki dörd Qran-Pridə son dərəcə maraqlı və gərgin idman mübarizəsi aparıldığından, eləcə də gözlənilməz nəticələr qeydə alındığından istər Formula 1 pilotları, istərsə də komandaların rəsmiləri builki yarışı böyük həyəcanla gözləyirdilər.

Doğrudan da Formula 1 Azərbaycan Qran-Prisi gözlənildiyi kimi maraqla keçdi və yüksək təşkilatçılığı ilə diqqəti cəlb etdi. Yarış gözlənilməz hadisələrlə yadda qaldı: liderlər mübarizəni xalsız başa vurdular.

Dünyanın ən nüfuzlu idman portallarından olan “Skysport.com”da yayımlanan məqalədə möhtəşəm Bakı şəhər trekində və ecazkar Azərbaycan Qran-Prisində yaşanan gərgin idman mübarizəsi belə təsvir edilib: “Azərbaycan Qran-Prisindəki qeyri-adi dramatik yarışda Serxio Peres Maks Ferstappenin qəza keçirməsi və Luis Hamiltonun səhvlərindən sonra qələbə qazandı. Belə ki, ecazkar Bakı yarışı yüksək sürətlə hərəkət edən Maks Ferstappenin qəzaya uğraması və 49-cu dövrədə yenidən start verilən yürüşdə Luis Hamiltonun böyük uğur qazanmaq şanslarını alt-üst edən ciddi səhvə yol verməsindən məharətlə yararlanan Serxio Peresin (“Red Bull Racing Honda”) inamlı qələbəsi ilə başa çatdı”.

Formula 1 pilotları da Bakı şəhər halqası ilə bağlı fikirlərində bu möhtəşəm trekdə daim maraqlı mübarizə getdiyini, bu səbəbdən də yarışı həyəcanla gözlədiklərini bildirirdilər. 

   

Bakı şəhər halqasında yarışmaqdan zövq aldığını deyən “Alpine” komandasının pilotu Esteban Okon trekin konfiqurasiyasının uzun hissələri və çətin dar döngələri ilə çox maraqlı olduğunu vurğulayıb: “Bakı trekində yarışmaq çox xoşuma gəlir. Şəhər yollarında atmosfer hər zaman əladır. Divarlar yaxın olduğundan sürəti daha çox hiss edirsən. Bakı şəhər trekində dairə uzundur və ötmə əməliyyatları çox əlverişlidir”.

  
   

Trekin onun üçün düşərli olduğunu qeyd edən digər pilot - Kimi Raykkonen (“Alfa Romeo”) bildirib: “Bakı treki mənim üçün ən sevimli traslardan biridir. Burada GP2-də yürüşləri və 2019-cu ildə Formula 1 çempionatında ilk yarış həftəsonumu böyük məmnuniyyətlə xatırlayıram. O vaxt mən şənbə gününü çox məhsuldar keçirmişdim. Həmin gün ilk dəfə olaraq təsnifat finalına çıxdım”.

  
   
Bakı şəhər halqasını pilotlar üçün ən cəlbedici və maraqlı edən cəhət onun İçərişəhərin qədim qala divarları boyunca uzanan dar hissəsindəki – Əziz Əliyev küçəsindəki döngələrdir. Çünki ən sürətli yarışlar kateqoriyasına aid olan 6 kilometrlik Bakı trekinin ən ensiz hissəsi məhz buradadır. Həmin hissədə - İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə trekin eni 7,6 metrdir.
Məhz bu xüsusiyyətləri baxımından Bakı şəhər halqasının özünəməxsusluğunu təkcə yürüşdə iştirak edən pilotlar deyil, komandaların üzvləri də qeyd edirlər. 
   
Azərbaycan Qran-Prisində qalib gəlmək üçün məhz döngələrdə ağıllı və uğurlu manevrlərin rolunu xüsusi vurğulayan “Red Bull Racing Honda” komandasının texniki direktoru Toyoharu Tanabe deyir: “Bakı trası bundan əvvəl Maks Ferstappenlə birgə qalib gəldiyimiz Monako trası kimi şəhər tipli  olmasına baxmayaraq, tamamilə fərqli xüsusiyyətlərə malikdir. Burada effektiv hərəkət etmək üçün parametrlərin düzgün balansını tapmaq vacibdir.
Bakıda dairə altı kilometrdən bir az artıqdır və bu da təqvimdəki ən uzun yollardan biridir. Astasürətli döngələrdən düz yola keçərkən sürətli yolda yanacaq sərfiyyatını izləmək çox önəmlidir. Həmişə olduğu kimi, parametrləri seçərkən bu mövsümün əvvəlki mərhələlərində və 2019-cu ildə yarış zamanı əldə edilən məlumatları nəzərə alacağıq”.

Məhz bu düzgün dəyərləndirmənin nəticəsidir ki, “Red Bull Racing Honda”nın çempionata liderlik edən sürücüsü Maks Ferstappen yarışın sonuna yaxın qəzaya uğrasa da, Serxio Peres komandasına qələbə sevincini yaşada bildi”.

    Digər ekspert, “Haas” komandasının rəhbəri Günter Ştayner Bakı şəhər halqası barədə fikirlərini bölüşərkən yürüşün gözəl mənzərə fonunda keçirilməsini xüsusi vurğulayır: “Bakı yürüşlərin keçirilməsi üçün gözəl yerdir. Bu, şəhər halqasıdır, lakin orada uzun məsafəli düz yol var və yürüş gözəl mənzərə fonunda keçir. Bu Qran-Pri bizim xoşumuza gəlir, onu öz ab-havası fərqləndirir. Şəxsən mən Bakıda olmağı sevirəm və ümidvaram ki, bu tras çempionatın təqvimində hələ uzun müddət qalacaq”.
   

“Ferrari” komandasının yürüş üzrə baş mühəndisi Matteo Toninalli isə Bakının Formula 1 üzrə dünya çempionatına cəmi bir neçə il əvvəl daxil olmasına baxmayaraq, Azərbaycan Qran-Prisinin özünəməxsus yer tutduğunu deyir:“Bakının cəmi bir neçə il ərzində Formula 1 təqvimində özünəməxsus yeri olan bənzərsiz trası var.

 Bu, çempionatın ən uzun və düz xətlərindən birinə malik qeyri-adi şəhər trasıdır. İkinci sektor aşağı sürətlə hərəkət etməli olduğumuz çoxsaylı döngələrdən ibarətdir. Həmin döngələrdəki orta sürət Monakodakı trasda olduğundan da aşağıdır. Burada sıxılan güclə sürət arasında uyğunlaşmanı dəqiq tapmaq lazımdır”.
    Bakıdakı yarışın digərlərindən xeyli fərqləndiyini ifadə edən “Aston Martin” komandasının pilotu Lens Stroll isə bu barədə bildirir: “Mənim nəzərimdə Bakı trasının xüsusi yeri var. Burada mən ilk dəfə Formula 1-in podiumuna qalxmışam. Konfiqurasiya mürəkkəbdir, uzun məsafəli düz yol dolanbac orta sektorla birləşir ki, burada da səhvlər çox baha başa gələ bilər”.
 
 
 
“Aston Martin” komandasının digər üzvü, yarışdan əvvəl “Dolanbac hissə ilə sürətli sahələr arasında sazlamada optimal balans və yaxşı strategiya uğurlu yürüşün təminatı olacaq”, - deyən almaniyalı sürücü Sebastian Fettel Azərbaycan Qran-Prisini ikinci yerdə başa vurduqdan sonra Bakıdakı yarışla bağlı hisslərini belə ifadə edir:  “Bakıda podiumda
yer almağım böyük əhəmiyyət kəsb edir. Cari mövsüm çox çətin başlamışdı. Ancaq Azərbaycanda uğurla çıxış edərək mükafatçılar sırasına düşməyi bacardım”.
 
    Formula 1 Azərbaycan Qran-Prisində üçüncü olan “AlphaTauri” komandasının pilotu Pyer Qasli isə Bakıdakı yürüşü başa çatdıqdan sonra verdiyi açıqlamada yarışın möhtəşəm olduğunu qeyd edir: “İnanılmaz yürüş oldu. Nə deyəcəyimi bilmirəm. Azərbaycan Qran-Prisi möhtəşəm idi. Karyeramda üçüncü dəfə podiuma qalxıram. Daha əvvəllər birinci və ikinci olmuşam. Bu gün isə yarışı üçüncü sırada başa vurdum”.
    Azərbaycan Qran-Prisində qeydə alınan iki sürprizdən – çempionatın liderləri Maks Ferstappenin və Luis Hamiltonun uğursuzluqlarından faydalanaraq yarışı birinci sırada başa vuran “Red Bull Racing Honda”nın meksikalı sürücüsü Serxio Peres Bakıda qələbə sevincini ifadə edərək deyib ki, Bakıda Formula 1 yarışları həmişə həyəcanlı olur.

Xatırladaq ki, Formula 1 yarışı Azərbaycanda 2016-cı ildən keçirilir və dünya çempionatının ən maraqlı Qran-prilərindən hesab edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.