CƏMİYYƏT
Pınar sakini: Azərbaycandan gələn qardaşlarımız təhlükəli anlarda köməyimizə çatdılar VİDEO
Muğla, 11 avqust, AZƏRTAC
Məhəllə sakinləri bir yumruq kimi birləşərək yanğınla mübarizə apardılar. Azərbaycandan gələn qardaşlarımız da təhlükəli anlarda köməyimizə çatdılar. Çox peşəkar və təcrübəli yanğınsöndürənlərdir. Burada, yanımızda olmalarından qürur duyduq.
Bu fikirləri AZƏRTAC-ın yanğın bölgəsinə ezam olunmuş müxbirinə Muğla vilayətinin Köycəğiz rayonunun Pınar məhəlləsinin sakini Yılmaz Atabəy ifadə edib.
Xatırladaq ki, qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib. FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti də qardaş ölkədədir.
Azərbaycan yanğınsöndürənlərinin böyük bir qrupu texnika ilə birlikdə Muğla vilayətinin Köycəğiz rayonu ərazisində yanğınların söndürülməsi, xüsusilə də yaşayış sahələrinin mühafizəsi işlərinə cəlb olunub, böyük fədakarlıq göstərib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Muğla