İQTİSADİYYAT
“Pirallahı Külək Parkı” layihəsinin icrası üzrə görülmüş işlər barədə məlumat verilib
Bakı, 24 noyabr, AZƏRTAC
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) ilə Çin Xalq Respublikasının “CPECC” şirkəti Azərbaycanda və digər ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı fikir mübadiləsi aparıb və müvafiq razılıq əldə ediblər.
AZƏRTAC xəbər verir ki, bu razılıq Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun Çinin “CPECC” şirkətinin nümayəndə heyəti ilə görüşündə baş tutub.
Görüşdə A.Bədəlov 2015-ci il dekabrın 7-də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə Çin Xalq Respublikasının Energetika üzrə Dövlət İdarəsi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində tədbirlərin və xüsusilə bu sırada “Pirallahı Külək Parkı” layihəsinin həyata keçirilməsinin hər iki dövlət qurumu üçün vacib olduğunu qeyd edib.
“CPECC” şirkətinin nümayəndə heyətinin rəhbəri Xuye Danfenq “Azalternativenerji” MMC ilə təmsil etdiyi şirkət arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və Xəzər dənizi akvatoriyasında tikintisi nəzərdə tutulan 200 meqavatlıq “Pirallahı Külək Parkı” layihəsinin icrası üzrə görülmüş işlər barədə ətraflı məlumat verib.
Tərəflər Azərbaycanda və digər ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı fikir mübadiləsi aparıb və müvafiq razılıq əldə ediblər.
Dövlət Agentliyinin sədri A.Bədəlov və “CPECC” nümayəndə heyətinin rəhbəri X.Danfenq ikitərəfli əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliklərini bildiriblər.