İQTİSADİYYAT
Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinə başlanılacaqdır
Bakı, 28 aprel (AZƏRTAC). Ölkəmizin bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da Dövlət Proqramına uyğun olaraq geniş abadlıq-quruculuq işləri davam edilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, son bir il ərzində rayonda aparılan abadlıq və quruculuq işləri rayonun görkəmini xeyli dəyişmişdir. Pirallahıda “Nümunəvi məhəllə” layihəsi ilk olaraq 29-cu məhəllənin əhatə etdiyi ərazidə başa çatdırıldıqdan sonra işlər 28-ci məhəllədə və K.Rzayev küçəsində davam etdiriləcəkdir. Burada hazırda kommunikasiya xətləri yenilənir, magistral xətlər çəkilir, istilik sisteminin bərpası istiqamətində əsaslı yenidənqurma işləri aparılır.
Ümumiyyətlə, Pirallahı qəsəbəsində bütün əsas və məhəllədaxili su və kanalizasiya xətləri tamamilə dəyişdirilir, ayrı-ayrı məhəllələrə yeni istilik xətləri çəkilir, yeraltı qaz xətləri ləğv olunaraq, yerüstü təzə qaz xətləri çəkilir, köhnə işıq dirəkləri və kabellər tamamilə yenisi ilə əvəzlənir.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı” çərçivəsində rayonda qəsəbədaxili və məhəllədaxili yolların asfaltlanması planlaşdırılmışdır.
Yaxın günlərdə isə Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinə başlanılacaqdır. Binanın layihələndirilməsi işləri artıq başa çatmışdır. Hazırda 4 mərtəbədən ibarət inzibati binanın bünövrəsinin qazıntısı işləri görülür. Klassik və modern üslubun sintezini özündə əks edən bina həm də rayonun görkəminə xüsusi gözəllik verəcəkdir. Binanın ümumi sahəsi 3 min 485 kvadratmetr, tikinti sahəsi 1224 kvadratmetr, həcmi 20 min 321 kubmetr təşkil edəcəkdir. Birinci mərtəbənin sahəsi 927 kvadratmetr, ikinci mərtəbənin sahəsi 926 kvadratmetr, üçüncü mərtəbənin sahəsi 927 kvadratmetr, dördüncü mərtəbənin sahəsi isə 705 kvadratmetr olacaqdır.
Bundan əlavə, Pirallahı Rayon Polis Şöbəsinin yeni inzibati binasının tikintisi davam edir. Artıq binanın dam örtüyü vurulur və fasad hissəsinə üzlük daşlar döşənir. Burada işlər qrafik üzrə davam etdirilir.
Dövlət Proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisində beton dayaqların qurulması prosesi başa çatmış, üst aşırımların qurulmasına başlanılmışdır. Qala qəsəbəsindən Pirallahıya çəkilən 35 kilometrlik 4-6 zolaqlı müasir avtomobil yolunun tikintisi də müvəffəqiyyətlə davam edir. Yolun bir çox hissəsi artıq istismara verilmişdir. Yol boyu yaşıllıq zolaqları salınır.