CƏMİYYƏT
Pirallahı rayon gənclərinin Üzeyir Hacıbəylinin ev-muzeyinə ekskursiyası təşkil olunub
Bakı, 17 sentyabr, AZƏRTAC
18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə rayon gənclərinin Üzeyir Hacıbəylinin ev-muzeyinə ekskursiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, eksponatlarla tanış olan gənclərə dahi bəstəkarın həyat və fəaliyyəti, əsərləri barədə məlumat verilib. Qeyd olunub ki, Şərqdə ilk opera (“Leyli və Məcnun”) ilə yanaşı, ilk operettanın da yaranması Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları onu bütün dünyada məşhurlaşdırıb. Böyük bəstəkar, həmçinin 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycanın dövlət himninin musiqisi də Üzeyir Hacıbəyliyə məxsusdur.
Qeyd edək ki, 18 sentyabr xalqımız üçün böyük bayram günüdür. Bu gün dahi Üzeyir Hacıbəylinin doğum günüdür. 1995-ci ildə ulu öndər Heydər Əliyev Üzeyir Hacıbəylinin 110 illik yubileyi ərəfəsində hər il 18 sentyabr tarixinin Milli Musiqi Günü kimi qeyd olunması ilə bağlı Fərman imzalayıb. Üzeyir Hacıbəyov Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olub.