Pirallahı rayonunda 300-ə yaxın sakin könüllü olaraq qan verib
AzerTAg.az
Bakı, 28 aprel, AZƏRTAC
Pirallahı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının təşəbbüsü ilə görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə növbəti qanvermə aksiyası keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadasının həyata keçirdiyi qanvermə aksiyasında 300-ə yaxın rayon sakini iştirak edib.
Talassemiyalı və hemofiliyalı xəstələrə yardım üçün təşkil olunan aksiyada rayon idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər Zərifə Əliyeva elmi fəaliyyətindən ətraflı bəhs ediblər. Qeyd edilib ki, Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib. Görkəmli oftalmoloq 160-dan çox elmi əsərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.





Xəbərin mətnində orfoqrafik səhv var