CƏMİYYƏT


Pirallahı rayonunda “Andına və xalqına sadiq Ulu Öndər” adlı tədbir təşkil edilib

Bakı, 4 oktyabr, AZƏRTAC

Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Andına və xalqına sadiq Ulu Öndər” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyətinin inzibati binasının foyesindəki büstünün önünə tər çiçəklər qoyulub.

Tədbirdə ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və müasir Azərbaycan Respublikasının qurucusu, Azərbaycan xalqının dahi oğlu, Ulu Öndər, böyük azərbaycanlı Heydər Əliyevin mübarizələrlə, uğurlarla dolu həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov tədbiri giriş nitqi ilə açaraq ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işləri vurğulayan Vəzir Səfixanov qeyd edib ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Ulu Öndərin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü Ulu Öndərin ideya və əməllərini davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxış edərək bildirib ki, 1993-cü il oktyabrın 3-də ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi müasir tariximizin ən mühüm hadisələrindən biridir. Oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində ümummilli lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Ulu Öndərin dühası, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi. İdarəetmə sistemi yaradıldı, insanlara öz qüvvələrinə inamı qaytarıldı. 1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə dirçəliş dövrü yaşandı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başlandı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu. Ölkədə dövlətçilik, azərbaycançılıq ideologiyası formalaşdı. Bir sözlə, Azərbaycan dönməz inkişaf yoluna qədəm qoydu

Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov öz çıxışında vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoyan böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Müstəsna xidmətləri ilə əbədilik qazanan ulu öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik Liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kadrlar üzrə mütəxəssisi Aysel Qəribli qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başlayıb. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edib. Heç də təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışıb. Gənclərin ictimai-siyasi fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.

Tədbirin sonunda Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü, qocaman neftçi Səməd Əhmədov öz xatirələrini dəyirmi masa iştirakçıları ilə bölüşüb. Bildirib ki, ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərinin sonunda Pirallahıya səfəri zamanı neft mədənlərinin fəaliyyəti ilə maraqlanarkən burada çalışan neftçiləri “qəhrəman neftçilər” adlandıraraq bu sahədə çalışan fədakar insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tapşırıqlarını verib. Məhz ulu öndər Heydər Əliyevin həmin səfərindən sonra Pirallahıda çoxmənzilli müasir binaların tikintisinə başlanılıb, xəstəxana binasının bünövrəsi qoyulub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.