CÜMHURİYYƏT - 100
Pirallahı rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib
Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Tarixlərdən gələn irsimiz” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının məsul əməkdaşları, Rayon Ağsaqqallar Şurasının üzvləri, partiya fəalları, əmək və müharibə veteranları iştirak ediblər.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışıb, müasir müstəqil Azərbaycan Respublikasının öz tarixi irsini necə şərəflə qoruduğunu qeyd edib.
Sonra Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov çıxış edərək deyib ki, Prezident İlham Əliyev həm veteranlara, həm də gənclərə daim diqqət və qayğı ilə yanaşır, onların sosial məsələlərinin və problemlərinin həllinə çalışır. Veteranların sosial təminatı yüksək səviyyədə həll olunur, onların yubileyləri qeyd edilir, ağsaqqallarla gənc nəslin yaddaqalan görüşləri keçirilir.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı aparatının məsləhətçisi Günel Məmmədova vurğulayıb ki, bu gün ölkəmizin əldə etdiyi uğurlarda əhəmiyyətli rolu olan Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, eyni zamanda, regionda böyük siyasi qüvvəyə çevrilib.
Sonda partiyanın ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup Pirallahı rayon Ağsaqqallar Şurasının üzvləri YAP Pirallahı rayon təşkilatı tərəfindən fəxri fərmanlarla təltif olunub.