İQTİSADİYYAT
Pirallahı rayonunda Mübariz İbrahimov küçəsi təmir olunub
Bakı, 3 avqust, AZƏRTAC
2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Pirallahı rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 kilometr uzunluğa malik Mübariz İbrahimov küçəsi təmir olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir-tikinti işləri çərçivəsində küçəboyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçə profilə salınaraq, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.
Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Təmir işlərinin aparıldığı ərazinin sahəsi 12 min kvadratmetr təşkil edib.
Sonuncu mərhələdə üfüqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçə yeni görkəmdə vətəndaşların istifadəsinə verilib. Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən həyata keçirilib.
Agentlik tərəfindən cari ildə Pirallahı rayonunda uzunluğu 2,9 kilometr olan Süleyman Bağırov və uzunluğu 1,1 kilometr təşkil edən Gənclik küçələrində də təmir işləri icra olunub.
Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.