CƏMİYYƏT
Pirallahı rayonunda Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Pirallahı Rayon İcra Hakimiyyəti (RİH) və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə dekabrın 6-da mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Bakının Pirallahı rayonunda minlərlə müxtəlif növ ağac əkilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, ağacəkmə aksiyasında RİH-in, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların əməkdaşları, həmçinin ictimaiyyətin nümayəndələri - ümumilikdə 1550 nəfər iştirak edib.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatların əsas istiqamətlərindən biri ətraf mühitin mühafizəsi və insanların sağlam və ekoloji təmiz şəraitdə yaşaması olduğundan, Pirallahı rayonu da bu aksiyadan kənarda qalmayıb. Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, əkilmiş tinglərə və yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilib. Bu aksiya yaşıllıq zolaqlarının genişlənməsinə, ekoloji tarazlığın bərpasına, eləcə də cəmiyyətdə ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verəcək.
Pirallahı ən gənc rayon olmasına baxmayaraq, ölkə başçısının diqqət və qayğısı nəticəsində artıq Bakı rayonları arasında öz layiqli yerini tutmuşdur. Dövlət başçısının dediyi kimi, “Pirallahının siması dəyişib və o, bu gün Bakının ən qabaqcıl rayonlarından birinə çevrilmişdir”. Yaradıldığı 6 il müddətində ölkə başçısının rayona 6 səfəri baş tutub ki, bunlardan da üçü Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə olub. Bu səfərlər zamanı rayonda çoxsaylı sənaye müəssisələrinin, müxtəlif təyinatlı sosial obyektlərin açılış və təməlqoyma mərasimləri reallaşdırılıb.
Qeyd edək ki, dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev də Pirallahı rayonunda olub. O, Pirallahı qəsəbəsinin girişində 2015-ci ilin dekabrında dənizdə neft platformasında baş vermiş qəza nəticəsində həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Abidənin ətrafında neftçilərin xatirəsinə 33 ədəd ağac əkilib.