CƏMİYYƏT
Pirallahı rayonunda Ümumdünya Hepatit Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də Pirallahı rayonunda Ümumdünya Hepatit Gününə həsr olunmuş “İtirilmiş milyonları tapaq” şüarı adı altında tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurası və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova bildirib ki, hər il iyulun 28-i tarixinin Ümumdünya Hepatit Günü kimi qeyd edilməsinin məqsədi dünya əhalisini hepatit virusları barədə məlumatlandırmaq, bu xəstəliyə qarşı mübarizədə səyləri gücləndirməkdir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva bu cür tədbirlərin əhəmiyyətindən danışaraq deyib ki, belə maarifləndirici tədbirlərin davamlı keçirilməsi çox önəmlidir. O, qeyd edib ki, Səhiyyə Nazirliyinin 2014-cü il 5 iyun tarixli əmrinə əsasən B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya yaradılıb. Bu qurumun üzərinə ölkəmizdə bu infeksiyaların profilaktikası və diaqnostikası, həmçinin belə xəstələrin müalicəsi üzrə görülən işlərin əlaqələndirilməsi, bu sahədə problemlərin həlli məqsədilə lazımi tədbirlərin görülməsi kimi vəzifələr qoyulub.
Tədbir daha sonra seminarla davam edib.
“İtirilmiş milyonları tapaq” şüarı altında keçirilən tədbirdə hepatitləri törədən viruslar (A, B, C, D və s), xroniki hepatit xəstəliyinin qara ciyər serrozu, qara ciyərin xərçəngi və qara ciyər çatışmazlığı kimi vəziyyətlərlə nəticələnməsini, B və C virusunun tək tibbi müayinə zamanı deyil, eləcə də eyni tibbi ləvazimatlardan istifadə və qanköçürmə zamanı yoluxmasının mümkünlüyü barədə məlumatlar verilib. Eyni zamanda, vaxtında müayinənin vacibliyi qeyd edilib.