Pirallahı rayonunda keçirilən anım tədbirində Xocalı soyqırımının müsibətlərindən bəhs edilib
AzerTAg.az
Bakı, 25 fevral, AZƏRTAC
Pirallahı Rayon İcra Hakimiyyətində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbir “Xocalıya ədalət!” adı altında təşkil olunub.
Əvvəl iştirakçılar Xocalı soyqırımına həsr edilən fotostend, kitab sərgisi və məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.
Sonra Xocalı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov bildirib ki, XX əsrin sonunda ermənilər tərəfindən Xocalıda törədilən soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. Planlı şəkildə həyata keçirilən bu soyqırımının məhz Xocalıda törədilməsi təsadüfi deyil. İşğalçı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoyublar. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid olan ərazilərdən biri kimi tarixi və mədəniyyət abidələri ilə zəngindir. Eyni zamanda, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi də erməniləri narahat edib.
V.İmanov deyib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.
Çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov diqqətə çatdırıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ittifaqının 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edib, yüzlərlə insan qətlə yetirilib. Soyqırımına cavabdeh olan mayor Seyran Ohanyan general rütbəsinə qədər yüksəlib və xeyli müddət Ermənistanın müdafiə naziri olub. B.Səfərov deyib ki, ermənilər tərəfindən xalqımızın başına gətirilmiş müsibətlər unudulmamalıdır. O vurğulayıb ki, məcburi köçkünlərə, hər bir döyüşçüyə, şəhid ailələrinə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Azərbaycan rəhbərliyi Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində xeyli işlər görüb. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının rolu böyükdür.
Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov bu faciənin dünyada bənzərinin olmadığını vurğulayıb. Qeyd edib ki, faciə zamanı 613 nəfər öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Bu rəqəmlər insanı dəhşətə gətirir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülübl, işgəncələrə məruz qalıb və şikəst ediliblər.
Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, əməkdar jurnalist, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, milli qəhrəman Bəxtiyar Allahverdiyev və digərləri bu qətliamla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıblar.
Sonda Gənc Tamaşaçılar Teatrının hazırladığı, erməni vəhşiliyini, vandalizmini əks etdirən “Arzu və Murad” tamaşası nümayiş olunub.




Xəbərin mətnində orfoqrafik səhv var