CƏMİYYƏT
Pirallahı rayonunda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirlər görülür
Bakı, 30 mart, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, eləcə də koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə zəruri profilaktik tədbirlərin görülməsi üçün Pirallahı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə 13 nəfərdən ibarət işçi qrup yaradılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, infeksiyaya yoluxmanın qarşısının alınması çərçivəsində Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) tərəfindən Pirallahı və Gürgən qəsəbələrində hündürmərtəbəli binaların giriş və ümumi istifadə olunan yerləri, eyni zamanda, həyət evlərinin həyətyanı sahələri dezinfeksiya edilir.
Martın 29-da MKTB tərəfindən Pirallahı qəsəbəsi K.Rzayev (13 bina, 83 giriş, 3182 sakin), S.Vurğun (95 bina, 478 giriş, 1945 sakin), Y.Əliyev küçələrində (124 bina, 184 giriş, 1486 sakin) və 28-ci məhəllədə (5 bina, 26 giriş, 929 sakin) dezinfeksiya işləri aparılıb. Bununla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinin və Dövlət Yol Polisinin Pirallahı rayon şöbəsinin inzibati binaları da dezinfeksiya olunub.
İcra hakimiyyəti tərəfindən MKTB-nin xidməti ərazilərində əhalinin kütləvi toplanma yerlərində sanitariya-gigiyena norma və qaydalarının tələblərinə nəzarətin gücləndirilməsi, tabeçiliyində olan yaşayış və ictimai binalarda, eyni zamanda, rayonun bütün küçə və dalanlarında dezinfeksiya işlərinin təşkili və həyata keçirilməsi tələbi qoyulub. 10 saylı Birləşmiş Şəhər Xəstəxanası növbətçilik cədvəli ilə fasiləsiz iş rejiminə keçib. Xəstəxana tərəfindən matın 14-dən etibarən 2342 nəfər müayinə olunub ki, onlardan 68 nəfərində “burun-udlaq yaxması” testi aparılıb.
18 saylı Təcili Tibbi Yardım Stansiyası tərəfindən Koronavirusla mübarizə tədbirləri çərçivəsində çağırışlar zamanı həkimlər maarifləndirmə işləri aparmaqdadır, stansiyada və sanitar avtomobillərdə sanitar-gigiyenik və əksepidemik tədbirlər görülüb.
Pirallahı Rayon Polis Şöbəsi tərəfindən xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar rayon ərazisində 65 yaşdan yuxarı insanların evdən çıxmaması, küçələrdə, parklarda və s. ictimai yerlərdə əhalinin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qarşısı alınmaqla, insanlararası təmaslarda iki metrlik məsafənin saxlanılması tövsiyə edilib.
Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən infeksiyaya qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə rayon ərazisində 7 orta ümumtəhsil məktəblərinin, uşaq bağçalarının rəhbərlərinə təkliflər verilib. Rayon ərazisində fəaliyyət göstərən bütün məktəb, bağça və digər obyektlərdə 2 dəfə dezinfeksiya işlərinin aparılmasına nail olunub.
10 və 16 saylı Birləşmiş Şəhər xəstəxanalarında daim sanitariya-gigiyena və əksepidemik rejimə əməl edilir, tibb müəssisələrində yeni koronovirus infeksiyasına şübhəli xəstələrin hospitalizasiyası üçün palataların ayrılması və lazımi avadanlıqlarla təchiz olunması işləri həyata keçirilib. Tibb müəssisələrində virus əleyhinə dərman preparatlarının, dezinfeksiyaedici vasitələrin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatlarının yaradılması işləri aparılıb.
Rayon ərazisindəki bütün ticarət, iaşə, məişət xidməti və digər obyektlərin sahibkarlarından obyektlərdə dezinfeksiya işlərinin təşkilinin və çalışan işçi personalının isə fərdi qoruyucu vasitələrdən (xalat, əlcək, maska) istifadə etməsinin vacibliyi barədə maarifləndirmə işləri aparılır.
Rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə qəsəbə, məhəllə və küçələr üzrə təbliğat işlərinin aparılması üçün 8 mobil qrup yaradılıb və hər bir qrup əhali arasında izahat işləri aparır.