Pirallahı rayonunda mülki müdafiə məşqləri keçirilib
AzerTAg.az
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Pirallahı rayonunun ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqləri keçirilib. Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması məqsədilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, rayon fövqəladə hallar komissiyanın, mülki müdafiə xidmət və qüvvələrinin üzvləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqlərinin əsas məqsədinin “Mülki müdafiə haqqında” Qanunun tələblərinin yerinə yetirilməsi, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin, fövqəladə hadisələrdə qarşıda duran vəzifələrin yerinə yetirilməsi zamanı mülki müdafiə qüvvələrinin hazırlığının, xəbərdarlıq sxemi üzrə hərəkətin, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin operativ təşkilinin yoxlanılması olduğunu vurğulayıb.
Xəzər rayon fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi vəzifəsinin icraçısı Cəsarət Kərimov cari ildə Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarının illik mülki müdafiə tədbirlər planı əsasında mülki müdafiə tədbirlərinin icrasının vaxtında təmin olunması, əhaliyə və işçilərə mülki müdafiə sahəsində biliklərin öyrədilməsi, ehtimal olunan fövqəladə hadisələrin nəticələrinin operativ aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi tədbirlərinin təşkili haqqında ətraflı məlumat verib. Bildirib ki, ötən tədris ilində əhalinin maarifləndirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib. Bu məqsədlə “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda rayonun idarə, müəssisə və təşkilatlarında maarifləndirmə tədbirləri təşkil edilib.
Tədbirdə mülki müdafiə əmlakının sərgisi təşkil olunub, yaralanmalar zamanı ilkin tibbi yardımın göstərilməsi və yanğınların qarşısının alınması üsulları, fövqəladə hallar zamanı təxliyənin təşkili qaydaları nümayiş etdirilib.




Xəbərin mətnində orfoqrafik səhv var