Pirallahıda 300 nəfərdən çox sakin qan verib
AzerTAg.az
Bakı, 22 aprel, AZƏRTAC
Bakının Pirallahı rayonu sürətli inkişaf yolu ilə inamla irəliləyir. İqtisadi sahədə uğurlar qazanan rayonda sosial aksiyaların keçirilməsi artıq ənənə halını alıb. Təqdirəlayiq haldır ki, rayon sakinləri, xüsusən Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri hər dəfə bu tədbirlərin ən fəal iştirakçılarına çevrilirlər.
Növbəti “Donor günü” adlı aksiya aprelin 22-də Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşəbbüsü ilə keçirilib.
Artıq səhər saatlarından 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının önünə toplaşan partiya fəalları erməni silahlı bölmələrinin hücumunu dəf edərkən döyüşlərdə yaralanan hərbçilərimizə, eləcə də talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə qan vermək üçün öz növbələrini gözləyirdilər. B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının tibbi heyəti ilk növbədə könüllüləri müayinədən keçirərək sağlamlığı donor olmağa imkan verən şəxslərdən qan götürüb.
Aksiyada iştirak edən YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov deyib: “Vətən uğrunda tərəddüd etmədən canını qurban verməyə hazır olan hərbçilərimiz üçün qan vermək bizim vətəndaşlıq borcumuzdur. Eyni zamanda, vurğulamalıyam ki, xalqımızın ümummilli lideri, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyev uşaqları çox sevirdi və daim onların sağlamlığı qayğısına qalırdı. Bu gün biz - Yeni Azərbaycan Partiyasının üzvləri ulu öndərimizin şanlı yolunu layiqincə davam etdirmək üçün var gücümüzlə çalışırıq. Rayonda dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü yüksək səviyyədə qeyd etmək məqsədilə YAP Pirallahı rayon təşkilatı tərəfindən Tədbirlər Planı hazırlanaraq təsdiq edilib. Bugünkü qanvermə aksiyası da həmin Tədbirlər Planında nəzərdə tutulub”.
Qanvermə aksiyasında rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyasının fəalları və sakinlər iştirak ediblər. Ümumilikdə 300 nəfərdən çox insan qan verib. Toplanan qan aprel ayının əvvəllərində Dağlıq Qarabağ münaqişə zonasında ermənilərin növbəti təxribatının qarşısını alarkən yaralanan hərbçilərimizə dəstək, sağalmaz bəlaya düçar olmuş körpələrə kömək məqsədilə Mərkəzi Qan Bankına təhvil verilib.


Xəbərin mətnində orfoqrafik səhv var