CƏMİYYƏT
Pirallahıda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd edilib
Bakı, 23 iyun, AZƏRTAC
Pirallahı Rayon İcra Hakimiyyəti 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. Bildirib ki, dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Bu əlamətdar tarix dövlət qulluqçularının cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq edir.
Qeyd edilib ki, müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülüb. Bu gün də yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir.
Anara Hacıbəyli deyib ki, Sovet İttifaqı dağıldıqdan sonra dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında normal idarəetmə sistemi ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yaranmağa başlayıb. Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edilib. Konstitusiya respublikamızın dövlət quruluşunu və idarəçilik prinsiplərini təsbit edib. Diqqətə çatdırılıb ki,1996-cı ildə Prezidentin Sərəncamı ilə Hüquqi İslahat Komissiyası təşkil olunub. Həmin komissiya bir neçə normativ-hüquqi aktlar hazırlayıb. Bu qanunvericilik aktların böyük bir qismi dövlət idarəçiliyi sisteminin inkişafına, dövlət qulluğunun təşkilinə və təkmilləşdirilməsinə, dövlət qulluqçularının sosial müdafiəsinin təmin olunmasına yönəldilib.
2000-ci il iyunun 21-də “Dövlət qulluğu haqqında” Qanun imzalandıqdan sonra dövlət qulluğunun tənzimlənməsi ilə bağlı 23 qanun, 26 fərman, 12 sərəncam imzalanıb, bu sənədlərlə müxtəlif əsasnamələr, qaydalar, nümunələr təsdiq edilib, dövlət qulluqçuları üçün orden və medallar, fəxri adlar təsis olunub, onların fəaliyyətini tənzimləyən bütün məsələlər bu aktlarda əhatə edilib. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra, onun təkmilləşdirilməsi üçün dəyişikliklər və əlavələrdən ibarət 11 qanun qəbul olunub.
Rayon icra hakimiyyəti başçısının müavini qeyd edib ki, hazırda dövlət qulluqçularına qarşı tələbkarlıq yüksəlib, məmurların mənəvi saflığı, dövlətçiliyə sədaqəti, Vətənin mənafeyini hər şeydən üstün tutması əsas meyara çevrilib. Prezident İlham Əliyev dövlət qulluqçusunun vəzifəsinin nədən ibarət olduğunu dəqiq ifadə edərək deyib: “Mən xalq üçün işləyirəm, xalq üçün çalışıram, xalqa xidmət edirəm. Dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq”. Dövlətimizin başçısının tələbi odur ki, dünyanın ən yüksək standartları gərək Azərbaycanda tətbiq edilsin, çünki ölkəmizin böyük iqtisadi potensialı, təbii sərvətləri, ən başlıcası isə zəngin insan resursları var.
Vurğulanıb ki, ölkəmizdə dövlət qulluqçularının peşəkarlığını artırmaq məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində, bu məqsədlə açılan ixtisasartırma kurslarında təhsilin təşkil edilməsində, dövlət qulluğu məsələlərinə dair elmi-tədqiqat işlərinin aparılmasında, dövlət qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər verilməsində rolu böyükdür. Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən qısamüddətli kurslarda hər il yüzlərlə dövlət qulluqçusu idarəetmənin müasir tələblərini, bu sahədə olan yenilikləri həvəslə öyrənir, çalışdıqları idarə və müəssisələrin işində tətbiq edirlər.
Azərbaycanda dövlət qulluqçularının sayı ildən-ilə daha da artır ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır. Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi get-gedə cavanlaşır, daha təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da müsbət nəticəsini göstərir.
Dövlət qulluqçularının peşə bayramı münasibətilə Pirallahı rayonundakı Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Akademik Milli Dram Teatrının kollektivi tərəfindən yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən “Vəsiyyət” tamaşası nümayiş olunub.