CƏMİYYƏT


Pirallahıda “Xalqa və dövlətçiliyə xidmət” mövzusunda tədbir keçirilib

Bakı, 11 aprel, AZƏRTAC

Aprelin 11-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı “Xalqa və dövlətçiliyə xidmət” mövzusunda tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Milli Məclisin deputatları, YAP Pirallahı rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilatları sədrləri, rayonun Ağsaqqallar Şurasının üzvləri, Qarabağ müharibəsi veteranları və Çernobıl əlilləri iştirak ediblər.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan 2018-ci ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə edib, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib. “Ötən 16 ilin mənzərəsinə nəzər saldıqda görürük ki, respublikamız sürətlə inkişaf edib, bütün sahələrdə parlaq nailiyyətlər qazanıb. Ötən ilin ən əlamətdar hadisəsi isə prezident seçkilərinin keçirilməsi və İlham Əliyevin növbəti dəfə möhtəşəm qələbə qazanması oldu. Azərbaycan xalqı yenidən Prezident İlham Əliyevə yüksək etimad göstərdi və bir daha sabitliyə, inkişafa və tərəqqiyə səs vermiş oldu”, - deyə H.Şikarov əlavə edib.

Milli Məclisin deputatı Elman Nəsirov Prezident İlham Əliyevin 2019-cu ilin ilk üç ayı ərzində sosialyönümlü sərəncamlarından əhalinin hər yaş qrupunun faydalandığını qeyd edib. Azərbaycanda qazlaşdırmanın 95 faizə çatmasını, bölgələrin, hətta ucqar dağ kəndlərinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasını, bütün ölkə boyu yol infrastrukturunun dünya standartları səviyyəsinə çatdırılmasını vurğulayaraq, bu inkişafın arxasında dövlətimizin başçısının yürütdüyü uğurlu siyasətin dayandığını deyib.

Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, Milli Məclisin səhiyyə komitəsinin üzvü Kəmaləddin Qafarov çıxış edərək Prezident İlham Əliyevin Sərəncamına əsasən səhiyyə işçilərinin maaşlarının artırılmasından, Azərbaycan səhiyyə sisteminin inkişafı üçün Dövlət proqramlarının həyata keçirilməsindən danışıb. Qalibiyyətli Aprel döyüşlərində əsgərlərimizin döyüş ruhunu xüsusi qeyd edən deputat Milli Ordumuzun qısa zaman ərzində torpaqlarımızı işğaldan azad etmək iqtidarında olduğunu bildirib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev çıxış edərək deyib ki, hər bir dövlətin gücü onun iqtisadi və hərbi gücü ilə ölçülür. İqtisadi cəhətdən bütün sahələrdə inkişaf edən Azərbaycanda Ordumuzun döyüş qabiliyyəti artır, güclənir. Bu gün Ordumuz istənilən vəzifəni icra edə bilər. Prezidentin sosialyönümlü islahatları nəticəsində əsasən neft rayonu olan Pirallahıda qeyri-neft sektoru sürətlə inkişaf edir.

YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov ölkəmizdə gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışıb.

Sonra partiyanın ictimai-siyasi həyatında fəallıq göstərən YAP Pirallahı rayon təşkilatının bir qrup üzvlərinə fəxri fərmanlar verilib.

Tədbir partiya sıralarına yeni qəbul edilmiş üzvlərə vəsiqələrin təqdim olunması ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.