CƏMİYYƏT
Pirallahıda hisə verilmiş balıqların hazırlandığı qanunsuz müəssisə aşkarlanıb VİDEO
Bakı, 4 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu tədbir zamanı insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, antisanitariya şəraitində hisə verilmiş balıqların hazırlandığı qanunsuz sex aşkarlanıb.
Su Nəqliyyatında Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, idarə əməkdaşlarının Pirallahı rayonunda keçirdikləri tədbir nəticəsində bu cür hisə verilmiş balıqlar hazırlayan paytaxt sakini Tərlan Mikayılov ifşa edilib. Polislər tərəfindən həmin yerə baxış zamanı ciddi nöqsanlara rast gəlinib. Belə ki, araşdırma zamanı T.Mikayılovun donuz, it, eləcə də digər ev heyvanlarını saxlamaq üçün nəzərdə tutulan, məişət tullantıları və çirkab sularının axıdıldığı məkanda balıqları hisə verdiyi müəyyən edilib və hisə vermə prosesi lentə alınıb. T.Mikayılovdan antisanitariya şəraitində hisə verilmiş 17 siyənək balığı aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs izahatında Qida Təhlükəsizliyi Agentliyindən müvafiq icazə sənədi almadan bu işlə məşğul olduğunu etiraf edib. İdarənin əməkdaşları bu cür antisanitariya şəraitində hisə verilmiş balıqların insan sağlamlığı və həyatı üçün ciddi təhlükə mənbəyi olduğunu saxlanılan şəxsin nəzərinə çatdırıblar.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq xidməti ərazilərdə regional reydlər keçirilir. Bununla da balıqları antisanitariya şəraitində hisə verərək insanların sağlamlığını təhlükə altında qoyan, əhalini zəhərləyən, həmçinin orqanizmdə ciddi fəsadların yaranmasına səbəb olan elektrik avadanlığı ilə tutulan balıqları və adı “Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxslər müəyyən edilərək qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılır. Su Polisinin əməkdaşları bu əməlləri törədən şəxslərlə dəfələrlə profilaktik və maarifləndirici söhbətlər apararaq belə halların yolverilməz olduğunu izah ediblər.
Su Nəqliyyatında Polis İdarəsi belə əməllərlə məşğul olan şəxslərə bir daha xəbərdarlıq edərək bildirir ki, balıqları antisanitar şəraitdə hisə verən, elektrik avadanlığı ilə balıq tutan və adı “Qırmızı” kitab”a düşən quşları ovlayan şəxslərə qarşı qanunla nəzərdə tutulan formada bundan sonra da ciddi şəkildə mübarizə aparılacaq. İdarə, həmçinin əhaliyə müraciət edərək bildirir ki, antisanitar şəraitində hisə verilmiş və elektrik avadanlığı ilə tutulan balıqlar insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Bu səbəbdən əhaliyə ictimai iaşə və xidmət obyektlərində, həmçinin bazarlarda antisanitar şəraitdə hazırlanan və tutulan bu tipli balıq məhsullarını almamaq tövsiyə edilir.