İDMAN
“Pirelli” yeni testlərdən sonra 2020-ci il üçün şinləri seçib
Bakı, 9 oktyabr, AZƏRTAC
Barselonada “Pirelli”nin plan testləri başa çatıb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Sebastyan Fettel, Aleksander Albon və Esteban Okon iki gün ərzində 404 dövrə vurublar.
“Pirelli”nin mətbuat xidməti şirkətin idman bölməsinin rəhbəri Mario İzolanın sözlərini sitat gətirib: “Biz Barselonada bir neçə gərgin gün keçirdik, Formula 1 və Formula 2 üçün 2020-ci ilin şinlərini test etdik. Oktyabrın 7-də Sebastyan Fettel “Ferrari” də 145 dövrə, Aleksander Albon “Red Bull”da 115 dövrə vurdu. Oktyabrın 8-də Esteban Okon “Mercedes”in sükanı arxasında 144 dövrə vurdu. Testlər proqramında iki gün ərzində ümumən 404 dövrə vuruldu. Formula 1 testlərinin məqsədi 2020-ci il üçün şinlərin sonuncu spesifikasiyasını yoxlamaq idi. Biz son iki gündə aparıcı komandalarla çoxlu məşqlər keçirdik. Bu, bizə lazımlı məlumatı toplamaq imkanı verdi. İndi biz komandalara 2020-ci ilin spesifikasiyasını təklif edə bilərik. Testlərdə iştirak etmiş komandalara təşəkkür edirik. Formula 2-də bizim standart proqramımız çərçivəsində 18 düymlük rezin sınaqdan keçirildi”.