CƏMİYYƏT
Pirotexniki vasitələrin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Pirotexniki vasitələrin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Vaz -21074” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Avtomobilə “Buran” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib. Xidməti itin reaksiyası nəticəsində minik maşınının sol tərəf arxa və ön qapılarının, yanacaq çəninin içərisində 1120 ədəd üzərində “Mega Black Devil” yazısı olan pirotexniki vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.