CƏMİYYƏT
Pirotexniki vasitələrin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 16 dekabr, AZƏRTAC
Gömrükçülər pirotexniki vasitələrin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "QAZ-3102" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılaraq şifahi sorğu-sual edilib. Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Bu zaman nəqliyyat vasitəsinin yük yerində 1040 ədəd üzərində "Mega Black Devil" yazısı olan və 24 ədəd üzərində "Sky City 10 Shots" yazısı olan pirotexniki vasitə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.