İQTİSADİYYAT


Pirşağı qəsəbəsinə yeni magistral su kəmərləri çəkilir

Bakı, 14 sentyabr, AZƏRTAC

Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən layihələrin icrası davam etdirilir. Sabunçu rayonunun Pirşağı qəsəbəsində əhalinin dayanıqlı su təminatı məqsədilə yeni magistral su kəmərləri inşa edilir.

ASC-dən AZƏRTAC-a bildirilib ki, Sabunçu rayonunun Pirşağı qəsəbəsində mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olmayıb. ASC-nin daxili imkanları hesabına 2011-2020-ci illərdə Pirşağı qəsəbəsində bir neçə kiçik layihə həyata keçirilsə də, bəzi ünvanların su təminatında çətinliklər yaranıb. Son illər Pirşağı qəsəbəsində yaşayış ərazilərinin genişlənməsi ilə əlaqədar içməli suya tələbatın artmasını nəzərə alaraq Ceyranbatan-Maştağa su kəmərindən qəsəbəyə iki istiqamətdə - 110 və 500 millimetr diametrli, ümumilikdə 2,4 kilometr uzunluğunda magistral su kəmərləri çəkilir. Layihənin icrası nəticəsində qəsəbə sakinləri yeni mənbə hesabına dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq. Magistral su xətti istifadəyə verildikdən sonra əhali tərəfindən fərdi qaydada çəkilmiş, tikinti normalarına cavab verməyən və artıq istismara yararsız vəziyyətdə olan qəsəbədaxili köhnə xətlərin də yenilənməsinə başlanılacaq.

Qeyd edək ki, hazırda Abşeron, Binəqədi, Səbail, Suraxanı, Xəzər rayonlarında da içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihələr icra olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.