İQTİSADİYYAT
Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir VİDEO
Bakı, 12 avqust, AZƏRTAC
Sabunçu rayonunun Pirşağı qəsəbəsində küçə və yolların təmir işlərinə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 7 mindən artıq əhalisi olan rayonun Pirşağı qəsəbəsi üzrə asfalt-beton örtüklə döşənməsinə ehtiyacı olan bütün küçə və yolların təmir edilməsi işlərinə başlanılıb. Ümumilikdə bu işlərin sözügedən qəsəbənin 100 kilometrə yaxın uzunluğa malik 105 adda küçə və yolunda aparılması nəzərdə tutulur. Təmir işləri aparılacaq sahə torpaq əsaslı olmaqla 600 min kvadratmetrdən çoxdur.
Aparılan genişmiqyaslı tədbirlər zamanı qəsəbə üzrə 6 ünvanda təmir işləri aparılaraq yekunlaşdırılıb. Bu Bakıxanov, İsmayıl Şıxlı, Dəniz və Sahil küçələri, həmçinin Əli Ağazadə 1-ci və 2-ci döngələrdir. Təmir olunan küçələrin ümumi uzunluğu 8930 metr, sahəsi isə 52 min kvadratmetrdir.
Hazırda isə Pirşağı qəsəbəsi üzrə təmir işləri 7 küçədə davam etdirilir. Bu Elbəy Rzaquliyev, Zülfi Adıgözəlov və Məhəmməd Füzuli küçələri, həmçinin dalanları ilə bərabər Xan Şuşinski və Məmməd Əmin Rəsulzadə küçələridir. Sözügedən küçələrin ümumi uzunluğu 11 min 700 metr təşkil edir.
Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks-dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Yol və küçələr vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun Sabunçu rayonu Pirşağı qəsəbəsi üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir-tikinti işlərinin aparılması nəzərdə tutulub.