CƏMİYYƏT
“Piyada hərəkət iştirakçısıdır” mövzusunda tədbir keçirilib
Bakı, 9 uyun, AZƏRTAC
Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi və Nizami Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 61 nömrəli tam orta məktəbdə "Piyada-hərəkət iştirakçısıdır" mövzusunda maarifləndirici tədbir keçirilib. Bu barədə rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zemfira Şıxəliyeva açıb. Bakı şəhər Baş Polis İdarəsi Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı şəhər Baş Polis İdarəsi Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzinin şöbə müdiri Fəridə Süleymanova tədbirin keçirilməsində məqsədin ictimai qaydaların qorunması, ictimai təhlükəsizliyin, həmçinin rayonda hərəkət intensivliyinin yüksək olduğu ərazilərdə yerləşən ümumtəhsil məktəblərində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti qaydalarını öyrənməyin və ona əməl olunmasının zəruriliyi barədə danışıblar.
Paytaxt yollarında təhlükəsizliyinin təmin olunmasında ictimai fəallıq göstərən Xalid Musayev bu sahədə hər kəsin üzərinə düşən işin vacibliyindən danışıb.
Rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətindən danışaraq, belə tədbirlərin digər təhsil müəssisələrində də keçirilməsinin zəruriliyini qeyd edib.
Tədbirin sonunda yol hərəkəti qaydalarına aid viktorina keçirilib, qalib şagirdlərə hədiyyələr təqdim edilib.