CƏMİYYƏT
Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
Bakı, 15 fevral, AZƏRTAC
Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində paytaxt sakini Əbülfəz Musayev piyada hərəkət edən zaman müəyyən olunmamış avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Sürücü isə piyadaya heç bir yardım göstərməyərək qəza yerindən yayınıb.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində “Hyundai” markalı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək qaçmaqda şübhəli bilinən Bakı şəhər sakini Tofiq Vəliyev saxlanılaraq istintaqa təqdim olunub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Rayon polis idarəsinin əməkdaşları, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı da uğurlu əməliyyat tədbiri həyata keçiriblər. Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş vətəndaş Ramiz Ağaverdiyev Bakıxanov qəsəbəsi ərazisində saxlanılıb. Axtarış zamanı onun üzərindən iki qramdan çox heroin aşkarlanıb. Sorğu zamanı R.Ağaverdiyev yaşadığı evin yaxınlığında ona məxsus külli miqdarda heroin gizlətdiyini bildirib. Həmin ünvana baxış zamanı orada iki kiloqramdan çox heroin aşkarlanıb.
Araşdırma zamanı müəyyənləşdirilib ki, R.Ağaverdiyev şəxsiyyəti istintaqa məlum olmayan əcnəbi vətəndaşla əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə vasitəçilik edib. O, həmin şəxsin tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıb.
Sonuncu faktla bağlı saxlanılan şəxs barəsində Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. R.Ağaverdiyev tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.