CƏMİYYƏT


“Plastik üzrə 2-ci Forum” başa çatıb

Bakı, 22 fevral, AZƏRTAC 

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “YARAT” Müasir İncəsənət Mərkəzində keçirilən “Plastik üzrə 2-ci Forum” başa çatıb.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Kroftsun sədrliyi ilə keçən forumda Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentinin tullantıların idarə olunması üzrə mütəxəssisi Debora Saks, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və bu sahədə fəaliyyət göstərən istehsalçı müəssisələrin nümayəndələri iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, forumda ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Azərbaycanda plastik tullantıların çeşidlənməsi və təkrar emalı ilə bağlı başlanan işlər barədə çıxış edib, britaniyalı nümayəndələr isə plastik tullantıların idarə olunmasında müasir təcrübələr, bu sahədə qəbul olunmuş strateji sənədlər və hədəflər haqqında məlumat veriblər.

Böyük Britaniya səfirliyinin təşəbbüsü ilə bu ölkəyə səfər etmiş nazirliyin əməkdaşları Mehman Nəbiyev və Türkən Kərimzadə plastik tullantıların idarə olunmasında Britaniya təcrübəsi və Azərbaycanda bu sahədə Prezident İlham Əliyevin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq görüləcək işlər haqqında, nazirliyin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova isə nazirlik tərəfindən həyata keçirilən təbliğat tədbirləri barədə geniş təqdimat keçiriblər.

Forum plastik tullantıların idarə olunması ilə bağlı aparılan müzakirələrlə öz işini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.