CƏMİYYƏT


“Plastiksiz iyul” hərəkatı çərçivəsində alıcılara eko-çantalar paylanılıb

Bakı, 17 iyul, AZƏRTAC

Daha təmiz və sağlam gələcək qurmaq naminə IDEA İctimai Birliyi, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və BRAVO marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə polietilen torbalardan istifadənin azaldılmasına nail olmaq üçün aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya zamanı “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən BRAVO hipermarketini ziyarət edən alıcılara yüzlərlə eko-çantalar hədiyyə edilib. Aksiya bütün dünyada milyonlarla insanın plastik çirklənməyə qarşı mübarizədə iştirakına kömək etmək məqsədilə keçirilən “plastiksiz iyul” hərəkatına dəstək xarakteri daşıyır.

Alıcıların böyük marağına səbəb olan tədbir zamanı IDEA könüllüləri tərəfindən vətəndaşlara eko-çantaların paylanması ilə yanaşı, plastikin təbiətə və insan orqanizminə zərərləri, birdəfəlik plastik əşyalardan istifadənin azaldılması üçün atılacaq sadə addımlar və tullantıların çeşidlənərək təkrar emala göndərilməsinin vacibliyi izah olunub. Sonda, plastik çirklənməyə qarşı mübarizənin effektiv təşkili məqsədilə paytaxt sakinlərinin tullantıların çeşidlənməsi, təkraremalı və təkraristifadəsinə münasibətilə bağlı sorğu keçirilib.

Qeyd edək ki, təbii resursların qənaətlə və səmərəli istifadəsi üçün tullantıların idarəolunması sahəsində əhalinin məlumatlandırılmasının əhəmiyyətini nəzərə alaraq, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra genişmiqyaslı layihələr həyata keçirilib və 3 min tondan çox kağız, min tondan çox plastik tullantının toplanaraq təkrar emala göndərilməsinə nail olunub.

Böyük Britaniya hökuməti də plastiklərin azaldılması istiqamətində bir sıra mühüm işlər həyata keçirib. 2015-ci ildə İngiltərədə iri supermarketlərdə plastik torbaların müştərilərə ödənişli təqdim olunmasından sonra bu cür torbaların satışı 95 faizdən çox azalıb.

Plastik tullantıların ətraf mühitə zərərinin azaldılması istiqamətində ölkəmizdə qalınlığı 15 mikrona qədər olan plastik torbaların satışı, idxalı və istehsalı bu il yanvarın 1-dən tam qadağan edilib. İyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı və satışı qadağan olunub.

IDEA İctimai Birliyi, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və BRAVO marketlər şəbəkəsi hər kəsi indiki və gələcək nəsillərin rifahı naminə birdəfəlik plastik əşyalardan, o cümlədən polietilen torbalardan imtina etməyə, ətraf mühitə zərər verməyən alternativ vasitələrə üstünlük verməyə və dayanıqlı həyat tərzini seçməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.