İDMAN
Platini FİFA-nın prezidenti kürsüsü uğrunda mübarizə aparmayacaq
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, M.Platini təşkilatın hazırkı rəhbəri, əvvəllər bu nüfuzlu vəzifəni əlində saxlamaq istəyini bildirən Yozef Blatterlə rəqabətə girməkdən imtina edib.
UEFA-nın rəsmi saytı M.Platinidən sitat gətirir: “ Qərar qəbul etməzdən əvvəl uzun müddət fikirləşdim. Başladığım işi özüm başa çatdırmaq istəyirəm. Biz bir neçə çox vacib layihə üzərində işləyirik və vəzifəm dəyişənə qədər bu layihələrin başa çatdığını görmək istəyirəm. Hələlik bunun üçün münasib vaxt deyil”.
Əvvəllər M.Platini FİFA-nın prezidenti vəzifəsinə seçkilərdə Y.Blatteri dəstəkləməyəcəyini, həmçinin dünya futbolunda dəyişikliklərin vacibliyini bildirmişdi.
Xatırladaq ki, Y.Blatter ilk dəfə 1998-ci ildə FİFA-nın prezidenti seçilib. 2002-ci ildə FİFA-nın prezidenti seçkilərində bu isveçrəli ikinci dəfə qalib gəlib. 2007-ci ildə Y.Blatter üçüncü dəfə, 2011-ci ildə isə dördüncü dəfə bu vəzifəyə seçilib.