ELM VƏ TƏHSİL
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı nəşr olunub
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq, plyus” Yaradıcılıq Birliyi tərəfindən “Plyus bədii yaradıcılıq” ədəbi almanaxının üçüncü kitabı nəşr edilib. Ədəbi almanax institutun elmi şurasının 2019-cu il 4 iyul tarixli qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap olunub.
Kitabın ideyasının və ”Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, redaktoru və giriş məqaləsinin müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlıdır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, üç bölmədən, 416 səhifədən ibarət olan ədəbi almanax İsa Həbibbəylinin “Akademiyada ədəbiyyatdan akademizmə” yazısı ilə açılır. Kitabda Ədəbiyyat İnstitutunun əməkdaşlarının bədii əsərləri yer alıb.
Oxucular almanaxın poeziya bölməsində İsa Həbibbəyli, Məmməd Arif Dadaşzadə, Qasım Qasımzadə, Atif Zeynallı, Arif Abdullazadə, Vüqar Əhməd, Mərziyyə Nəcəfova, Fəridə Hicran, Xədicə İsgəndərli, Zəki Bayram (Yurdçu), Nizami Tağısoy, Qürbət Mirzəzadə, Qəndab Əliyeva, Gülbəniz Babayeva, Lütviyyə Əsgərzadə, Leyli Əliyeva, Əflatun Baxşəliyev, İlham Məmmədli, Lətifə Mirzəyeva, Təranə Məhəmmədqızı, İradə Yusifova, Rasim Qurbanov, Bahar Bərdəli, Gülnar Səma, Nizami Vəliyev, Aynur Xəlilova və Ruhəngiz Əliyevanın şeirləri ilə tanış ola bilərlər.
Nəsr bölməsində Qəzənfər Paşayev, Məmməd Əliyev, Mənzər Niyarlı, Esmira Fuad, Baba Babayev, Elçin Mehrəliyev, Fidan Abdurahmanova, Dilarə Adilgil, Zəhra Allahverdiyeva, Əsmər Hüseynova, Solmaz Həyatova, Salidə Şərifova və başqa tədqiqatçıların hekayələri verilib.
Tərcümə bölməsində isə Ülkər Hüseynova, Xuraman Hümmətova, Xanım Zairova, Leyli Əliyeva, Cavidə Məmmədova, Pərvanə Məmmədli, Cavanşir Yusifli, Aytən Rüstəmzadə, Mərcan Sofiyeva, Təhminə Bədəlova və digərlərinin tərcümə əsərləri yer alıb.
Ümumilikdə kitabda yaşından və elmi fəaliyyət səviyyəsindən asılı olmayaraq, Azərbaycan ədəbi, elmi, nəzəri-estetik fikrində özünəməxsus yeri və mövqeyi olan müəlliflərin şeirləri, nəsr əsərləri, tərcümələri toplanıb.