CƏMİYYƏT
Poçt şöbəsində baş vermiş mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, 17 may, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində nağd pul vəsaitləri ilə bağlı çatışmazlığın yaranmasına dair daxil olmuş müraciət əsasında Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılıb.
Binəqədi Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla həmin poçt şöbəsinin sabiq müdiri Gülnarə Xəlilovanın işlədiyi 2021-ci il 12 iyul tarixdən 2021-ci il 12 sentyabr tarixinədək olan müddətdə şöbənin xəzinəsindəki 16 min 500 manat və 4500 ABŞ dolları məbləğində nağd pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.